"Araz Naxçıvan" geri qayıdır?

12:11 23 Fevral 2015

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Araz-Naxçıvan” futbol klubunun fəaliyyətini davam etdirməsinin vacib olduğunu bildirib və müvafiq tapşırığını verib. 

 


Sportarena.az virtualaz.org saytına istinadən xəbər verir ki, dünən Naxçıvan MR Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

 

Müşavirədə çıxış edən V.Talıbov muxtar respublikanın Gənclər və İdman Nazirliyinə və idman federasiyalarına ciddi tapşırıqlar verib. Sədr federasiyaları fəaliyyətlərini gücləndirməyə çağırıb.

 

“Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə tədbirdən-tədbirə qarşılıqlı fəaliyyət göstərirlər. Federasiyalar işini sadəcə əlamətdar günlərdə müxtəlif idman yarışları keçirməklə bitmiş hesab etməməlidir. Hər bir idman federasiyası özünün müxtəlif səviyyəli komandalarını təşkil etməlidir. Yadda saxlamaq lazımdır ki, federasiyalararası yarışları canlandırmadan ölkə və beynəlxalq əhəmiyyətli yarışlara hazırlıq səviyyəsini artırmaq mümkün deyil. Bu cəhət diqqətdə saxlanmalı, federasiyalar öz yığma komandalarını formalaşdırmalıdır. Federasiyalar üzrə muxtar respublika birincilikləri keçirilməli, qaliblərə müvafiq mükafatlar verilməlidir. Keçirilən yarışlar əhali arasında idmanın təbliği məqsədilə kütləvi informasiya vasitələrində geniş işıqlandırılmalıdır.

Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları idman növləri üzrə məşqçi fəaliyyətinə və hazırlanmasına peşəkar mütəxəssisləri cəlb etməlidir”- deyə V.Talıbov çıxışında bildirib.

 

Ötən ilin sonunda Azərbaycan Peşəkər Futbol Liqasında çıxışını dayandırmış Naxçıvan klubu haqda da danışan V.Talıbov bunları deyib: “Əlbəttə, “Araz-Naxçıvan” peşəkar futbol klubu muxtar respublika birinciliyində və digər futbol komandaları ilə yoldaşlıq görüşü təşkil etməklə fəaliyyətini davam etdirməlidir”.

 

Qeyd edək ki, Naxçıvan təmsilçisi ölkə çempionatından ötən il noyabrın 3-də ayrılıb. Klub liqada oynadığı 8 oyunda 4 xal toplaya bilmişdi. “Araz-Naxçıvan” yeganə qələbəsini Bakının “Neftçi” klubu üzərində qazanmışdı. Klub çempionatdan ayrılmasının səbəbi kimi hakimlərin verdiyi ədalətsiz qərarları göstərmişdi.

 


Digər xəbərlər

Xəbər xətti