"Xəzər Lənkəran"ın ilki və ən uğursuzu: Orxan Sadıqlı

14:24 23 Fevral 2015

Orxan Sadıqlı o oyunçudur ki, “Xəzər Lənkəran” klubu tarixində əsas heyətə düşməyi bacaran ilk yerli futbolçu oldu.

Bu qapıçı futboldan öncə cudo ilə məşğul olmuşdu. Elə boyunun bir qapıçı üçün yetərli qədər hündür olmaması da bəlkə bu idman növünün qalıntılarıdır. Özünün dediklərini inansaq futbola 12 yaşından başlamış qapıçı daha sonra Cənub Regional Federasiyasının rəhbəri Sakin Məmmədzadənin təşəbbüsü ilə Lənkərana gətirilir. 17 yaşında ilk dəfə olaraq Lənkəran təmsilçisinin əsas heyyətinə çağrılır. 2010/2011 mövsümündə komandasının 3-cü qapıçısı olmaqla yanaşı, əvəzedicilər çempionatında çıxış edir, U-19 yığmasına çağrılır.

 

 

“Kamranı unutdurmağa çalışacam”

Orxan “ağ-yaşıllar”ın heyətində ilk oyunundan sonra bu fikiri səsləndirir. Kamran Ağayevin klub rəhbərliyi ilə naməlum konfliktindən sonra transferə çıxarılması Orxan üçün əla şans yaradır. 2012-ci ilin 6 avqustunda əsas heyətdə ilk oyununa çıxan Orxan, qapısında bir top görür, “Xəzər Lənkəran” “Rəvan”la görüşdə 1:1-lik barabərə qalaraq ciddi xallar itirir. Lakin, Orxan Sadıqlının uğurlu oyunu ilə hər kəsdə özünə qarşı inam yarada bilmişdi. Amma, növbəti oyunlarda buraxılan kobud səhvlər bu qapıçını azarkeşlərin gözündən salır.

 

 

Toni Doblas uğursuzluğu

2013/2014 mövsümündə 2-ci dövrəyə ispaniyalı məşhur qapıçı Toni Doblası transfer etməklə başlayan Lənkəran təmsilçisi ilk oyundaca “İnter”ə məğlub olur (2:3). Gərgin oyunun gedişində qapısında 3 top görən Doblas ona bəslənən ümüdləri ilk oyundaca qırır. Orxan Sadıqlıya yenidən əsas heyyətdə oynamaq üçün şans yaranır. Lakin, uzaqdan zərbələr zamanı buraxdığı kobud səhvlərə görə əsas heyyətdə daimi yerini qoruya bilmir. Həm Doblas, həm də Orxanın inamsız oyunu “Xəzər Lənkəran” klubunu ciddi xal itkilərinə uğradır.

 

“Xəzər Lənkəran”ın ən uğursuzu

 “Xəzər Lənkəran”a ötən il transfer olunmuş Cahangir Hacızadə də qısa müddətdə Orxanı əsas heyyətdən sıxışdırıb çıxarda bilmişdi. Hazırda lənkəranlıların əsas qapıçısı Tomiç sayılır ki, Orxanın zədəsini sağaltdıqdan sonra onu üstələyə bilməsi inandırıcı görünmür.

Statistik göstəricilərə baxarsaq Orxan “Xəzər Lənkəran” tarixində ən uğursuz futbolçu adlandırıla bilər. Bu qapıçı, meydana çıxdığı 67 oyunda nə az, nə çox, tam 81 dəfə topu öz qapısından çıxartmalı olub ki, belə mənfi göstərici nəyinki klubun, hətta Premyer Liqa tarixinin ən uğursuz nəticələri sırasındadır.

 

Ona həqiqətən də vaxt lazımdır?

Oğuz Çətin, Toşak, Elbrus Məmmədov kimi məşqçilər öz müsahibələrində daima Orxan Sadıqlıya təcrübə qazanmaq üçün vaxt lazım olduğunu bildirmişdilər. Lakin, son 4 ildə 67 oyundan yaxşı təcrübə necə qazanmaq olar. Nəzərə alsaq ki, Sadıqlı bu 4 ildə bir-neçə dəfə uzunmüddətli zədələnib, meydanda olduğu vaxtlarda isə ən gülməli qolları öz qapısında görüb.

Qarşıdakı “Bakı” ilə görüş onun üçün bəlkə də son dönüş nöqtəsi olacaq. Əgər Orxan bu mövsüm də uğursuz olarsa...

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti