Sadio Tounkara: "Avroliqaya vəsiqə bizim üçün əla nəticə olar"

12:09 3 Mart 2015

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Bakı” ilə qarşılaşan “Xəzər Lənkəran” 2:1 hesablı qələbə qazandı. Qiş fasiləsindən sonra ilk qalibiyyətini əldə edən cənubluları 2 gün sonra daha ciddi sınaq gözləyir. Ölkə kubokunun ¼ final mərhələsində “İnter”lə üz-üzə gələcək cənubluların növbəti mərhələyə keçmək üçün şansı az görünsə də, komanda üzvləri buna ümidlidir. 
 

Gəncləşdirmə siyasətindən sonra heyətdə qalan azsaylı legionerlərdən biri Sadio Tounkara da ümidlidi.

Sportarena.az xəbər verir ki, futbolçu “Qafqazinfo”ya müsahibəsində “Bakı” üzərində qələbədən və kubokda növbəti mərhələ şanslarından danışıb: 

 

 

- Qış fasiləsindən sonra ilk qələbənizi son turda “Bakı” üzərində qazandınız. Bu matç barədə nə deyə bilərsən?

-  Həqiqətən bizim üçün əhəmiyyətli oyun idi. Qış fasiləsindən sonra doğma meydanda ikinci oyunumuzu keçirdik. Mütləq qalib gəlməli idik. Buna nail olduğumuz üçün sevinirəm. Məncə, həm azarkeşlərin, həm də komandanın bu qələbəyə ehtiyacı var idi. İndi ardını gətirmək lazımdı.

 

 

- Onsuz da həmin matçın favoriti sayılırdınız...

-  Düzdü, qarşılaşmanın favoriti biz idik. Amma çətin görüş oldu. Özünüz də gördünüz ki, asan oyun olmadı. Yalnız oyunun sonlarına yaxın qələbə qolunu vura bildik. İnanıram ki, biz bundan sonrakı oyunlarda da xallar qazana biləcəyik.

 

 

- Matçda bəzi xoşagəlməz hadisələr baş verdi. Xüsusən oyunun sonlarında Ağabala Ramazanov qırmızı vərəqə alması və hakimi söyməsi ilə diqqət çəkdi. Təcrübəli futbolçu kimi buna münasibətiniz necədi?

- Mən bu barədə nəsə demək istəmirəm. Çünki Ağabala gənc futbolçudu və oyunda 2 qol vurdu. Oyunda olanlar orda qaldı və biz qarşıdakı matçlara baxmalıyıq. 

 

 

- Qarşıda sizi “İnter”lə kubok oyunu gözləyir. Bu qarşılaşmada nəyə ümid edirsiz?

- Yaxşı oyun göstərib sərfəli nəticə qazanmaq lazımdı. Əlbəttə ki, “İnter” kimi komanda ilə səfər oyununda lazım olan nəticəni qazanmaq asan olmayacaq. Hamımız rəqibin gücünə bələdik. Biz isə meydana çıxıb bacardığımızı ortaya qoyacağıq. Ən azından azarkeşlər üçün baxımlı futbol oynamağa çalışacağıq.

 

 

- Amma reallığa baxsaq, mərhələ keçmək şansınız çox cüzidi. Razısız?

- Futbol bir oyundu və hər şeyə matçlardan sonra aydınlıq gələcək. Bu gün bizim mərhələ keçmək şansımız olmadığını düşünənləri qınamıram. Heyət dəyişikliyindən sonra və rəqibin gücünü nəzərə alsaq, həmin insanların düşüncələrini normal sayıram. Amma biz yenə ümid edirik.

 

 

- Rəhbərlik kubokda nəticə qazanmağı qarşınıza məqsəd qoyub?

- Yox, belə bir şey deyilməyib. Onlar bizə bu barədə tapşırıq verməsə də, nəticə qazanmaq üçün oynayacağıq. Yəni istəyirik ki, onlar bizdən ciddi nəsə tələb etməsələr belə, azarkeşlərimi, rəhbərliyimizi sevindirək. İnşallah, buna nail olacağıq.

 

 

- Sizcə, “Xəzər Lənkəran” bu heyətlə Avropa Liqasına vəsiqə qazana bilər?

- Belə baxsaq, çətin məsələdi. Lakin bunu etməyə çalışacağıq. Həqiqətən Avroliqaya vəsiqə bizim üçün əla nəticə olar.

 

 

- Artıq Premyer Liqada 5 oyun keçirmisiz. Heyətdə oynayan gənclər gələcəyə ümid verir?

- İndidən nəsə demək çətindi. Qarşıda hələ çox oyunlar var. Mövsümün sonunda onlar haqqında fikir demək mümkün olacaq. Amma onların içərisində istedadlılar var. Onlar “Xəzər Lənkəran”ın gələcəkdə əsas futbolçuları ola bilərlər.

 


Digər xəbərlər

Xəbər xətti