Azərbaycan Kubokunun finalı Respublika stadionunda keçirilməyəcək

12:26 3 Mart 2015

İyunun 3-də keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmayacaq. 

 

 

 

Sportarena.az xəbər verir ki, bu barədə mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.

 

A.İsmayılovun sözlərinə görə, apreldən stadionda I Avropa Oyunlarına hazırlıq işlərinə başlanılacaq. Arena kamandan oxatma yarışları üçün hazırlanacaq. Görüləcək işlərin qaçış cığırlarını əhatə edəcəyini deyən direktor ot örtüyünə hər hansı təsirin olmaması üçün çalışacaqlarını bildirib: "Stadionumuzda paralel olaraq, futbol matçları da keçiriləcək. Amma ölkə kubokunun final qarşılaşması Avropa Oyunları ərəfəsinə təsadüf edəcəyindən, görüşün bizim arenada təşkili mümkün olmayacaq".

 

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-də start götürəcək. Kamandan oxatma yarışları isə 16 - 22 iyunu əhatə edəcək. Azərbaycan Kubokunun final qarşılaşmaları əksərən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Son 9 il ərzində yalnız bir dəfə - 2011-2012-ci il mövsümündə kubokun həlledici matçı başqa meydanda - "Dalğa Arena"da təşkil olunub. 

 


Xəbər xətti