Futbolumuz haqqında əfsanə - YAZI

17:24 3 Mart 2015

Rəvayətə görə İtaliyanın paytaxtı Romanın bünövrəsi e.ə. 753-cü il aprelin 21-də Romul tərəfindən qoyulub. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlayıb. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi səbətə qoyaraq Tibr çayına atıb. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirib. Bir qədər sonra Faustul adlı çoban canavarın əmizdirdiyi əkizləri tapıb və övladlığa götürüb. Romul və Rem böyüyüblər. İllər sonra Mars əkizləri axtarıb tapıb. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakimiyyətə gətiriblər. Mars onlara bir şəhər tikməyi tapşırıb. Şəhər tikildikdən sonra qardaşlar ona ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkiblər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyib. Qarşıdurmada Romul Remi öldürüb və şəhərin hakimi olub. Bu gün İtaliyanın paytaxtının eyni zamanda 2 adının olması məhz bu rəvayətlə bağlıdır. Maraqlı rəvayətdir...

Qədim zamanlarda Kamboca hökmdarının Prea Ket Mealev adlı bir oğlu varmış. Oğlan o qədər ağıllı və gözəl imiş ki, hamı ondan danışırmış. Şahzadənin şöhrəti hər yana yayılıbmış. Bir gün Tanrılar Tanrısı hesab edilən (əğstafurullah) İndra gənc şahzadəni səma sarayına dəvət edir. İndranın sarayı Preanın çox xoşuna gəlir. O, sarayda yaşamaq qərarına gəlir. İndranın rəqqasələri bir könüldən min könülə Preaya aşiq olurlar. Bundan xəbər tutan İndra şahzadəni səma səltənətindən yer üzünə qaytarır və onun xatirinə yer üzündə eynilə öz sarayına bənzəyən möhtəşəm bir saray tikdirir. Kambocanın turistik şəhəri Anqkor-Vat belə yaranır. İnananı daşa dönsün...

Buddizmin mərkəzi hesab olunan Nepalın paytaxtı Katmandudan bir qədər aralı adını unutduğum bir dağ yerləşir. Həmin dağı yerli sakinlər müqəddəs yer hesab edirlər və heç kimi ora yaxın buraxmırlar. Dağı ancaq uzaqdan seyr etmək mümkündür. İlboyu dağın ətrafı dumanla örtülü olur. Nepallıların dediyinə görə, orada buddistlərin Allahı Şiva uzanıb və qəlyan çəkir. Duman da həmin qəlyanın tüstüsüdü. İnancınıza quzu kəsim...

Deyirlər, Ay Günəşin oğludur. Ay uşaqlıqda çox dəcəl olub. Bir dəfə Günəş təknədə çörəyin qurtardığını görüb tələsik xəmir yoğurmağa başlayıb. Ay gəlib anasının yanında dəcəllik eləməyə başlayıb, onun əl-ayağına dolaşıb. Günəş bir neçə dəfə oğluna sakit durmağı tapşırsa da, Ay daha da qızışıb. Axırda Günəş bərk hirslənib və xəmirli əli ilə Ayın üzünə bir şapalaq vurub. Xəmirin izi Ayın üzündə qalıb. Ay nə qədər üzündəki ləkəni yumağa çalışsa da, getməyib. Ay bundan çox utanıb. Ona görə gecələr çıxır ki, üzündəki ləkəni heç kim görməsin. Gop da olsa, maraqlıdır...

AFFA-nın baş katibi Elxan Məmmədov demək olar ki, hər çıxışında deyir ki, son bir neçə ildə Azərbaycan futbolu özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, sürətlə yüksəklərə qalxırıq. Doğrudan da, yeni stadionlar tikilib, yığma və klub səviyyəsində xeyli uğurlar qazanmışıq, uşaq futbolu populyarlaşıb, kütləvilik artıb, azarkeşlər stadionlara axışmağa başlayıblar... Hamı 5 ildən sonra Bakıda keçiriləcək Avro-2020-ni səbirsizliklə gözləyir. Çünki, bu gedişlə yığmamızın Avropa çempionatının final mərhələsinə düşəcəyinə və hətta qrup mərhələsini keçəcəyinə əminik. Gələn mövsüm “Bakı” başda olmaqla Avrokuboklarda 9 komandamızın iştirakı gözlənilir. Bu dəfə Çempionlar Liqasının finalında Azərbaycan klubunun oynaması qarşıya məqsəd qoyulub. Növbəti mövsümdən PFL-in təşkilatçılığı ilə keçirilən Premyer Liqada 20, 1-ci dəstədə isə 22 komanda mübarizə aparacaq. Bəzi futbolu bizdən geri qalmış Avropa ölkələrində olduğu kimi. Hələ 2-ci, 3-cü və həvəskarlar liqasını demirəm. Futbolumuzun inkişafının göstəricisi kimi yerli futbolçuların səviyyələrinin artdığını da xatırlatmaq lazımdır. Gərgin rəqabətin getdiyi bir vaxtda bəzi satqın futbolçular yığmaya düşməyəcəklərindən ehtiyatlanaraq Almaniya, İtaliya, İspaniya, hətta Braziliya vətəndaşlığını qəbul edərək həmin ölkələrin millilərinin şərəfini qorumağa razılıq veriblər. Yığma demişkən,komandamızda artıq bir nəfər də olsun milliləşdirilmiş futbolçu qalmayıb. AFFA rəhbərliyi onların pasportlarını geri alıb. Hətta Robert Prosineçki ilə müqaviləyə xitam vermək və komandanı yerli baş məşqçiyə tapşırmaq haqqında da düşünür. Uzun sözün qısası, inkişaf göz önündədir...

Hansına daha çox inandınız? Əvvəlki 4 rəvayətə, yoxsa futbolumuz haqqında əfsanəyə?

 

İlqar TAĞIYEV

“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti