AFFA rəsmisi "Sumqayıt"dan qaçan futbolçunu sərt tənqid etdi: "Elə bil bazara alverə gəlib"

13:10 4 Mart 2015

“Sumqayıt” rəhbərliyi ilə arasındakı narazılığa görə klubdan didərgin düşərək Krasnodara yollanan Təvəkkül Məmmədovun məsələsi hələ də həllini tapmayıb. Yarımmüdafiəçi bir müddət əvvəl ölkəmizə təşrif buyursa da, klub rəhbərliyi ilə ortaq məxrəcə gələ bilmədi. Daha doğrusu, onların görüşü baş tutmadı. Hər halda bunu Təvəkkülün özü mətbuata açıqlamasında bildirib.

 

Bundan başqa gənc fubtolçu klub rəhbərliyinin qərarı ilə razılaşmadığını da gizlətməyib. Belə ki, futbolçunun maaşı müqavilədə 3250 dollar göstərilsə də, “Sumqayıt”ın başbilənləri ona “bundan sonra 1000 manata oynayacaqsan” deyib. Haqqının tapdalandığını qeyd edən futbolçu artıq AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə də müraciət edib.

 

Sportarena.az xəbər verir ki, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin rəhbəri Rəmiş Malıyev məsələ ilə bağlı son duruma aydınlıq gətirib və futbolçunu sərt tənqid edib: “Təvəkkül Məmmədov sənədlərini bizə tam şəkildə təqdim etməyib. Özü də Rusiyaya gedib. Məsələyə bir az qeyri-peşəkar yanaşır. Elə bilir ki, bazara alver etməyə girib. İstinad etdiyi müqaviləni bizə göndərməyib. Özünə zəng etmişəm ki, sənədlərini göndər. Hələ də göndərməyib. Bir məktub atıb. Elə bilir ki, 3-4 söz yazmaqla bu məsələlər öz həllini tapır. Sənəd göndərməyincə işə baxılmayacaq”.

Maraqlıdı, futbolçunun işinə qeyri-peşəkar yanaşması məsələnin “Sumqayıt” lehinə həll olunacağını deməyə əsas verirmi?

“Xeyr. Bilirsiz, futbolun qaydaları var. Buna riayət etməyəndə cəza alırsan. Maaş ödənilməyəndə hay-küy salırlar. İndi bu yoldaş mənim yanıma gəlmişdi. Başa saldım ki, lazım olan sənədləri əlavə et. İndi telefonları bağlıdı. Birtəhər Rusiya nömrəsini tapdım. Zəng edib danışdım. Dedim ki, sənədi elektron ünvanıma göndər. Yenə də göndərməyib. AFFA bütün məsələlərə loyal yanaşır. Elə şeylər var ki, müəyyən sənədləşmə işlərində çoxlarına güzəşt edirik. Ancaq bundan sonra belə olmayacaq. Sənəd qaydasında olmayında onun işinə baxılmayacaq. Başa düşmürəm, mən ona görə niyə Rusiyaya zəng etməliyəm? Ancaq sənədi göndərsə, işə necə lazımdırsa, elə də baxılacaq. Müqavilədə futbolçuya hansı məbləğ yazılıbsa, o da ödənilməlidi. Məsələ burasındadı ki, mən “Sumqayıt”ın hələ rəsmi münasibətini bilmirəm. Məndə sənədlər tam deyil ki, kluba göndərim, onlar da rəsmi münasibət bildirsinlər. Klubla şifahi danışmışam, ancaq rəsmi müraciətləri olmayıb. Klubun mövqeyini bilmədən, futbolçunun dediklərinə inansaq, razılaşdırılmış əmək haqqı ödənilməlidi. Müəyyən bir razılaşma olmadan maaşın məbləği aşağı salına bilməz”.

 

Mənbə: futbolinfo.az


Digər xəbərlər

Xəbər xətti