"Əcnəbi oyunçuların hesabına Azərbaycan çempionatının səviyyəsi yuxarıdı"

15:37 4 Mart 2015

“Sirr deyil ki, Azərbaycan yığmasının əsasını braziliyalılar təşkil edirlər. Düzdü, onlar dünya futzalının ulduzları deyillər. Ancaq bu faktdı ki, zəif braziliyalı olmur. Azərbaycan millisi təcrübəli və texnikalı oyunçulardan qurulub”.

 

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Ukrayna futzal yığmasının üzvü Yevgeni Valenko deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində ukraynalılar Azərbaycan, Belçika və Danimarka milliləri ilə eyni qrupda çıxış edəcəklər. Bakıda keçiriləcək qrup oyunları martın 18-dən 21-dək davam edəcək.

 

Ölkəsinin mətbuatına danışan Valenkonun fikrincə, millimizlə görüş asan keçməyəcək: “Braziliyalıların yer aldığı komanda müdafiədə oturmağı sevmir. Onlar həm özləri oynayırlar, həm də rəqibin oynamasına imkan verirlər. Bizi asan oyun gözləmir. Amma çox maraqlı qarşılaşma olacaq. Azərbaycan millisinin baş məşqçisi ispaniyalı mütəxəssis Tino Peresdi. Milli ilə yanaşı, “Araz” klubunu da çalışdırır. Əvvəllər isə Moskva “Dinamo”suna başçılıq edib və bu komanda ilə 3 dəfə Rusiya çempionatının qızıl medallarını qazanıb. Bir sözlə, məşqçiləri də çox güclüdü”.

 

Azərbaycanın “Fənər” klubunda çıxış edən futzalçı başqa məqamlara da toxunub. O, Azərbaycanın futzal çempionatı haqda müsbət fikirlər səsləndirib: “Bu ölkənin futzal çempionatının səviyyəsi də aşağı deyil. 5 güclü və 1 zəif komandaları var. Oynadığım “Fənər”də 3 ukraynalı, 4 braziliyalı və 2 serb futzalçı çıxış edir. Digər klublarda da legionerlər kifayət qədərdi. Məhz əcnəbi oyunçuların hesabına Azərbaycan çempionatının səviyyəsi yuxarıdı. Hər komanda digərini büdrətmək gücündədi. Elə Azərbaycan yığmasının da səviyyəsi son illər məhz legionerlərin hesabına yüksəlib. Bir neçə il əvvəl bu ölkənin millisi adi komandalardan sayılırdı. İndi əminliklə deyə bilərəm ki, onlara qarşı oynamaq heç də asan olmayacaq. Üstəlik, oyun Azərbaycanda keçiriləcək. Azarkeşlər öz komandalarına sona qədər dəstək olacaqlar. Amma hər şey öz əlimizdədi. Təkcə Azərbaycanla oyunda yox, Danimarka və Belçika ilə görüşlərdə də öz oyunumuzu göstərməliyik. Əgər bunu bacarsaq, istədiyimiz nəticəyə nail olacağıq”.

 

 


Digər xəbərlər

Xəbər xətti