Erməninin yetişdirdiyi futbolçu və... - Kimdi Paşayev?

23:34 5 Mart 2015

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirdiyi dörd oyunun hamısında məğlub olan millimizdə köklü dəyişikliklər baş verir. Əlində olan futbolçularla ciddi nəticə əldə edə bilməyəcəyini nəhayət, anlayan Berti Foqts istefa verdi. Bundan sonra AFFA milliyə xorvat mütəxəssis Robert Prosineçkini cəlb etdi. 

Prosineçki də əldə olan "material"la ciddi uğura nail oluna bilməyəcəyini başa düşdüyündən, ölkə xaricində azərbaycanlı axtarışına başlanıldı. Əvvəlki süni milliləşdirmədən fərqli olaraq, artıq daha çox ölkəmizlə qan bağlılığı olan oyunçular izlənilir. AFFA-nın Prosineçkiyə ilk "hədiyyə"si ana tərəfdən Azərbaycana bağlılığı olan İspaniya "Qranada"sının üzvü Eddi İsrafilov oldu. Bundan sonra axtarışları davam etdirən AFFA daha bir həmyerlimizi Ukraynada tapdı. Söhbət Pavel Paşayevdən gedir.

                                                    

                                                  Kimdi Pavel Paşayev?

 

Pavel Vaqif oğlu Paşayev 1988-ci il yanvarın 4-də Ukraynanın Krasnıy Luç şəhərində doğulub. Pavellə birlikdə onun əkiz qardaşı Maksim də dünyaya göz açıb. Pavel uşaq vaxtı cüdoya maraq göstərsə də, sonradan həvəsi futbol tərəfə yön dəyişdirir. O və qardaşı Maksim 2001-ci ildə Kremençuk "Atlant"ında futbolun sirlərinə yiyələnməyə başlayırlar. Qardaşlara futbolun sirlərini öyrədən ilk məşqçi isə erməni Serey Muradyan olur. Əkizlər üç il "Atlant"da oynadıqdan sonra 2004-cü ildə Dneprpetrovskun "Dnepr" klubuna yollanırlar. 2008-ci ilə kimi bu klubun gənclərdən ibarət komandasında oynayan Paşayevlər həmin ili "Krivbass"a icarəyə verilir. Bu günə qədər həyatları kimi karyeraları da birgə keçən qardaşların yolu burda ayrılır. Belə ki, Pavel əkiz qardaşı Maksimi dəhşətli avtomobil qəzasında itirir. Beləliklə, Pavel bundan sonrakı karyerasında tək irəliləməli olur. 2014-cü ilə kimi müəyyən fasilələrlə gah "Dnepr"də, gah da "göy-ağlar"ın icarəyə göndərdiyi "Krivbass" və "Karpatı"da (Lvov) çıxış edən Pavel, nəhayət, klubdan birdəfəlik ayrılır. Keçən ildən o, Zaporojye "Metallurq"unun əsas üzvlərindən biridi.

 

 

                                            "Metallurq"un ən qiymətlisi

 

Pavel oynadığı komandalarda həmişə əsas oyunçulardan biri olub. Belə ki, "Dnepr"i çıxmaq şərtiylə, digər klublarda Pavel mövsüm ərzindəki oyunların yarıdan çoxunda heyətdə yer alıb. Paşayev yüksək fiziki göstəriciləriylə seçilmir. 1,75 sm boya malik futbolçunun işlək ayağı sağdı. Pavelin doğma mövqeyi müdafiənin sağ cinahıdı. Ancaq futbolçunun yarımmüdafiə xəttinin sağ cinahında da oynamaq bacarığı var.

Onun komandasının əsas üzvlərindən biri olduğunu qeyd etmişdik. Məşhur "transfermarkt" saytı da müdafiəçini komandasının ən dəyərli oyunçusu sayır. Belə ki, sayt Paşayevə 700 min avro qiymət qoyub. Pavellə yanaşı, onun iki komanda yoldaşı da bu qiymətə layiq görülüb. Maraqlıdı ki, Pavel "Metallurq"la keçən il cəmi bir mövsümlük müqavilə imzalayıb. Onun müqaviləsi bu il iyunun 30-da bitəcək. Müdafiəçinin hazırki klubunda qalacağı və ya başqa kluba gedəcəyi hələ ki, bəlli deyil.

 

 

                                               Bizə nə xeyir verə bilər?

 

Əslində, Pavel hər nə qədər səviyyəsiylə seçilən müdafiəçi olsa da, o, millimizin baş məşqçisi Robert Prosineçkinin hərarətlə axtardığı futbolçu deyil. Belə ki, xorvat çalışdırıcı öz açıqlamalarında dəfələrlə komandasının sol cinah müdafiəçisinə ehtiyacı olduğunu deyib. Pavel isə nə solaxaydı, nə də ki sol cinah müdafiəçisi. Ancaq onun millimizə gəlişi, hazırda yığmamızda bu mövqeyi "özəlləşdirmiş" Mahir Şükürov və Maksim Medvedevlə rəqabət baxımından maraqlı ola bilər.

 

 

                                Onun milliləşdirilməsində maneə yaranarmı?

 

Pavel yaxınlarda verdiyi müsahibələrdən birində AFFA-dan onunla əlaqə saxlayaraq, millimizə cəlb edilməsiylə bağlı danışıq getdiyini, ancaq bunun sadəcə şifahi razılıq olduğunu qeyd etmişdi. Onun atasının azərbaycanlı olması millimizdə çıxışına şərait yaradır. Pavelin vaxtiylə Ukrayna millisinin U-17 komandasında 39, U-19-da 9, U-21-də 15, əsas millidə isə iki oyun keçirməsi yığmamızda çıxışına ciddi əngəl deyil . Belə ki, hansısa futbolçunun aşağı yaş qruplarında oynaması onun başqa ölkənin əsas millisində çıxışına əngəl törətmir. Ukraynanın əsas millisindəki iki oyuna gəlincə, bu matçlar yoxlama xarakterli oyunlar olduğundan, FİFA-nın bunu ciddi maneə kimi dəyərləndirəcəyi inandırıcı deyil.

Artıq AFFA rəhbərliyinin futbolçunun millimizə cəlb edilməsiylə bağlı FİFA-ya müraciət etdiyi məlumdu. FİFA federasiyamıza "hə" deyəcəyi təqdirdə, Pavel millimizin bu il ilk rəsmi oyunu olan Maltayla matçda çıxış edə bilər. Təbii ki, Prosineçkinin seçimi əsasında.

 

 

Elnur Həmidov


Digər xəbərlər

Xəbər xətti