Yığmamızın üzvü Sloveniya klubunda

14:40 7 Mart 2015

Azərbaycanın trek velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Yelena Pavluxina Sloveniyanın "Lyublyana" şosse komandası ilə müqavilə imzalayıb.

 

 

Sportarena.az xəbər verir ki, velosipedçimiz artıq bu gün yeni komandasının heyətində ilk yarışda iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydaları idmançılara eyni anda həm şosse, həm də trek yarışlarında iştirak etməyə imkan verir. Bu ilin yayında ev sahibliyi edəcəyimiz Bakı-2015 ilk Avropa Oyunlarının şosse növündə iştirakı planlaşdırılan Yelena Pavluxinanın "Lyublyana" komandasının heyətində çıxış etməklə məsul yarışa daha yaxşı hazırlaşacağı isə heç kimdə şübhə doğurmur.

Yeri gəlmişkən, bu günlərdə Sloveniya paytaxtının adını daşıyan "Lyublyana" komandasının adı çəkilən ölkədə təqdimat mərasimi olub. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katibi Fərhad Əliyev də iştirak edib. Azərbaycan yığmasının üzvünə böyük ümidlər bəslədiklərini deyən klub rəhbərliyi, Yelena Pavluxinanın "Lyublyana"ya faydalı olacağına əminliklərini ifadə ediblər.

Bu gün "Lyublyana" 2015-ci il mövsümündəki ilk yarışında iştirak edəcək. Tərkibində yığma üzvümüzün də olduğu 6 nəfərlik heyət İtaliyada təşkil olunacaq və 16 komandanın iştirakı ilə keçiriləcək 1.1 kateqoriyalı birgünlük "Strade Bianche" turnirində mübarizə aparacaq.

 


Xəbər xətti