Cənab Prosineçki, onu niyə görmürsünüz? - YAZI

13:05 9 Mart 2015

Azərbaycan çempionatını və milli komandanı diqqətdə saxlayan hər bir futbol adamına gün kimi aydındır ki, ölkə futbolunda yerli sol cinah müdafiəçisi defisitdir.

Bu gün milli komandada müdafiənin mərkəzində və sağ cinahında az-çox rəqabət olsa da, sol cinah uzun illərdir ki hələ də axsayır. Müdafiənin bu mövqeyi az qala sınaq laboratoriyasını xatırladır, amma çarə tapılmır ki tapılmır. İş o yerə çatır ki, AFFA-dakılar Azərbaycanla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan 16 yaşlı Antonu Ukraynanın 1-ci divizion klubu “Zirka”nın üzvü kimi Azərbaycan millisinə sırıyırlar və Antalyadakı təlim-məşq toplanışına qatırlar. Sonradan jurnalist araşdırması nəticəsində məlum olur ki, “Zirka”da Anton Krivotsyuk adında futbolçunu ümumiyyətlə tanımırlar. İndi AFFA növbəti biabırçılığını ört-basdır etmək üçün əl-ayağa düşüb Antona klub axtarır.

İndi belə çıxır ki ölkənin 1 nömrəli komandasının müdafiə xəttindəki boşluq heç bir klubun üzvü olmayan futbolçunun ümidinə qalıb. Bəs millinin seleksiyaçı məşqçiləri? Bəs elə baş məşqçi Prosineçki? Onlar hara baxırlar? Mən bilən xorvat baş məşqçimiz özü də klubların çempionat oyunlarında tez-tez tribunalarda görünür, elə “Xəzər Lənkəran”ın oyunlarında da iştirak edir. Azarkeş olaraq onun futbol haqda bildiyinin heç onda birini bilməsəm də, bildiyim tək bir şey var ki bu klubun 19 yaşlı sol cinah müdafiəçisi İlyas Səfərzadə bu gün Azərbaycanda öz mövqeyində ən yaxşılardandır. 19 yaşlılardan ibarət yığma komandamızın aparıcı üzvlərindən biri olsa da, gənc futbolçu əsas milli üçün nədənsə diqqətdən kənarda qalıb. Buradan bir-neçə nəticəyə gəlmək olar: ya bizim futbol “başbilənlərimiz” cənab Prosineçkiyə sərbəst seçim etmək imkanı vermirlər, ya da ki bu seçim onun özünə aid olsa da sadəcə diqqətsiz olub. Əgər diqqətsiz olmusunuzsa sizə qısaca olaraq xatırlatmağa çalışım: sözünü etdiyim İlyas Səfərzadə “Xəzər Lənkəran”da 12 nömrəli formanı geyinir. Top hakimiyyəti yüksək bir futbolçudur. Rəqibə “qırxsaqqız” kimi yapışır, qopmur. Premyerliqa təcrübəsi az olsa da, artıq indidən rəqib hücumçular və yarımmüdafiəçilər üçün əsl başağrısına çevrilib. Sürətli və olduqca soyuqqanlıdır. Müdafiəçi olsa da, əks-hücumlarda fəal iştirak edir. Hələlik bu qədər. Məncə düşünməyə dəyər.

Belə bir istedadın millinin toplanışından kənarda qalma səbəblərini araşdırarkən sonuncu ehtimal isə onu deməyə əsas verir ki, Azərbaycan yığma komandasında “milliləşdirmə” kampaniyası yeni mərhələyə qədəm qoyub. Yoxsa adı heç “Zirka”nın dəftərində də olmayan Anton hara, “Xəzər Lənkəran”ın yetirməsi olub da Araz Abdullayevə meydanda ayaq açmağa imkan verməyən İlyas hara.

Seçim sizindir, cənab Prosineçki.

 

 

Rövşən Əsədov

 


Digər xəbərlər

Xəbər xətti