"Qəbələ" heyətində təmizləmələrə başladı

11:42 10 Mart 2015

Azərbaycan kubokundan əli üzülməkdə və avrokuboka yeganə ümid yeri çempionatda 4-cü yeri tutmaq olan “Qəbələ” yay fasiləsinin hazırlığına indidən başlayıb.

 

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümün sonunda ilk iş kimi, legioner futbolçularının sayını azaldacaq.

 

“Qəbələ”nin çempionatda tutacağı yerdən asılı olmayaraq, yayda yola salacağı 3 legioner bəllidi. Bunlar Pavol Farkaş, Aleksandru Benqa və Adrian Ropotandi. Həmin futbolçular komandaya keçmiş baş məşqçi Dorinel Muntyanunun dövründə cəlb edilmişdi və hazırkı çalışdırıcı Roman Qriqorçuk onların xidmətinə ehtiyac duymur.

 

Qriqorçukun istəyi ilə qış fasiləsində alınan Mixail Sivakov və Ruslan Fominin taleyi qeyri-müəyyəndi. 34 yaşlı Viktor Mendinin kölgəsində qalan Fomin və son dəqiqələrdə meydana çıxmaqla diqqət çəkən Sivakova da bu gedişlə mövsümün sonunda “yaxşı yol” deyiləcək. Üstəlik, onların müqaviləsi 6 aylıqdı. Əgər Qriqorçuk postunda qalsa, o zaman onun özü ilə gətirdiyi Dmitri Bezotosnı ilə Aleksey Qay komandada saxlanılacaq.

 

Luis Hilario Dodo, Ekiqo Ehiosun, Rafael Santos və Viktor Mendi uğurlu çıxışları ilə komandada qalmağa layiq olduqlarını artıq göstəriblər. Düzdü, Dodo “Mordoviya”nın transfer gündəmindədi, lakin onun klubla müqaviləsi gələn yaya qədərdi.

 

Rikardinyo isə yeni transfer olunduğundan, onun da gedişi gözlənilmir.

 


Xəbər xətti