Möhtəşəm mübarizə: "Sabunçulu Robinzon" Olimpia Stadionunda ilk qələbəni qazandı

12:04 22 Mart 2015

Onlarla ilk dəfə Binə qəsəbəsinə yollanarkən tanış oldum. Koroğlu metrosunun yaxınlığında həmin vaxt (2013-cü ilin sonları) tikintisi hələ yeni başlayan Olimpia stadionunun tikinti meydançasında balaca, üzərində iri hərflərlə “Burada yaşayan var” tipli süarlar yazılmış ev diqqətimi çəkdi. Həmin vaxt bu barədə mənə dostlarımdan biri danışmışdı. Burada bir ailənin yaşadığından da xəbərdar idim. Lakin, media nümayəndələrinin niyə belə mövzuya diqqət ayırmadığı mənə təəccüblü gəlirdi.

 

Maşurutdan düşüb tikinti ərazisinə yollandım. Qapını üzümə çəkinə-çəkinə açan ev sahibi Ələkbər Hüseynovla bir-neçə saatlıq danışdıq, tanışlıq yarandı. Sonradan jurnalistlərin axını ilə qarşılaşacaq Böyükşor qəsəbəsinin 12A ünvanının  çox bərbad şəraiti vardı. 5 otaqlı evdə 5 nəfər yaşayırdı. Hüseyn Ələkbərov, həyat yoldaşı, iki övladı və qardaşı. Onları buradan məcburi çıxartmağa çalışsalar da bacarmamışdılar. Elə mən evdə olarkən də Sabunçu rayon icra hakimiyyətinin nümayəndələri qapı ağzını kəsdirsə də, ailə onlardan tələblərini qarşılamağı bildirmişdi. Evin nə qazı, nə işığı vardı. Ailə başçısı fəhlə işləməklə ailəsini dolandırırdı. Evdən çıxmamaq səbəbi isə, evin ərazisinin düzgün hesablanmaması və ayırlan pulun az olması idi. Milyonlarla qiyməti olan stadion tikilsə də, bu ailənin haqqını vermirdilər.

 

Oradan ayrıldıqdan sonra burdakı xatirələrimi əks etdirən “Ev” hekayəsini yazdım. Hekayəyə öz baxış tərzimi əlavə etsəm də, az sonra bu “Ev”ə maraq oyandı. Mediada Ələkbər Hüseynovun ləqəbini “Sabunçulu Robinzon” qoydular. 2014-cü ildə ailənin problemləri geniş işılandırılıqdan sonra ailəyə və Hüseynin qardaşına yaşayış evləri vəd edildi. Onlara ev tikilənə qədər isə kirayə yaşamalı oldular və kirayə haqlarını Sabunçu rayon icra hakimiyyəti ödəməli idi.

 

Dünən yenidən stadion yaxınlığındakı evin olduğu əraziyə gəldim. Məni çox irəli getməyə qoymadılar. Buralar çox dəyişmişdi. Evin dəqiq harada yerləşdiyini də təxmin edə bilmədim. Sabunçu rayon icra hakimiyyətindən ailə haqqında maraqlandığımda, “Onlara Sabunçu rayonunda həyət evləri tikilir, yaxın zamanda ora köçürüləcəklər” – deyə bildirdilər. Düşündüyüm kimi bu mübariz ailədən yalnız xatirələr qalmışdı. Onların mübarizəsi isə mənim üçün bu stadionda qalib olacaq hər bir idmançının mübarizəsindən daha möhtəşəmdir. Onlar buranın ilk və ən möhtəşəm qalibləridir.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti