Əliyar Ağayevdən etiraf: "Lənkəranda hakimlik etmək daha xoşdur" - MÜSAHİBƏ

18:18 26 Mart 2015

Bu dəfə müsahibimiz nə hansısa şirkətin rəhbəri, nə vitse-prezidenti, nə departament müdiri, nə həkim, nə də dövlət qulluqçusudu. Bircə fitlə futbol oyunlarının aqibətini müəyyənləşdirən 27 yaşlı baş hakim Əliyar Ağayevdi. Həmsöhbətimiz gənc olmasına baxmayaraq, yerli hakimlər arasında öz soyuqqanlılığı ilə seçilir. Eyni zamanda, dünya miqyaslı hakimlər kimi hər xırda qayda pozuntusuna görə fit çalıb oyunun tempini öldürmür. O, gənc yaşlarından öz adından söz etdirməklə, əsl uğur hekayəsi yazıb. Ə.Ağayevlə yaxından tanış olaq. 

 

 

 

- 17 oktyabr 1987-ci ildə Bakıda anadan olmuşam. Hövsan qəsəbəsindəki 270 saylı orta məktəbi bitirmişəm. Sonra Bədən Tərbiyəsi İdman Akademiyasının futbol ixtisası üzrə təhsil almışam. Hərbi xidmətdən qayıdıb eyni ixtisas üzrə magistraturada oxumuşam. Hazırda sözügedən təhsil ocağında müəllim kimi çalışıram. 

 

- Məktəbyaşlı oğlan uşaqlarının çoxu hüquqşünas, həkim, ya da polis olmaq istəyir. Siz kim olmaq istəmisiz? 
- 4-cü sinifdən başlayaraq məqsədim futbolçu olmaq idi. Atam hakim olduğundan, evimizdə futbolla bağlı söhbətlər gedirdi. Mən də yəqin bundan təsirlənərək futbolu çox sevirdim. Sonradan seçim qarşısında qaldım. 8-ci sinifdə həm oxumağa, həm də idmanla məşğul olmağa qərar verdim. Beləliklə, xarici dilə həvəsliydim deyə Azərbaycan Dillər Universitetinə daxil olmağı qarşıma məqsəd qoydum. 9-10-cu siniflərdə gördüm ki, futbolla dərsi eyni zamanda çatdıra bilmirəm. Bu zaman futbola üstünlük verdim. Amma zədələndiyimə görə iki il futbol oynamağı buraxdım. Beləcə, futbolçu olmaq arzum reallaşmadı. 

 

- Bundan sonra hakim olmağa qərar verdiz?
- Bəli, futbolu buraxdığım andan - 18 yaşımda hakimlik kurslarına yazıldım. Qeyd edim ki, hazırda da AFFA-nın təşkil etdiyi kurslarda peşəsindən, təhsilindən asılı olmayaraq hər kəs hakimliyi öyrənə bilər. 

 

- Hakim olmaq üçün kurslarda nəzəriyyəni öyrənmək kifayətdirmi?
- Xeyr, təkcə nəzəriyyə ilə iş bitmir. Xarakteri olmayan insan, hesab edirəm, heç vaxt hakim ola bilməz. Nəzəriyyədən əlavə, hakimin fiziki hazırlığı da olmalıdır. Bunların hamısı bir-birinə bağlı olan şeylərdir. 

 

- Hakimliyə futbolçuluqdan gəldiyiniz üçün yəqin sizin üçün hakim olmaq daha rahatdı...
- Əlbəttə, qısa futbol karyeram mənə çox kömək edir. Bir var futbol oynayan, bir də var digər sahədən gələn hakim. Onların arasında futbolu qəbul etmək, futbolu başa düşmək baxımından bir az fərq var. Təbii ki, futboldan gələn üçün hakimliyi qavramaq daha tez və asan başa gəlir. 

 

- Deyirlər, yaxşı hakim olmaq üçün soyuqqanlı olmaq da vacibdir və siz belə hakimlərdənsiz. Gənc yaşınızda buna necə nail olmusuz? 
- Biz qərarı fitlə veririk. Fitdən sonra verilmiş qərar futbolçular tərəfindən nə qədər basqı olsa da, dəyişilməyəcək. Bunu artıq beynimə yeritmişəm. Futbolçular 1-2 oyundan sonra hakimi, onun xüsusiyyətlərini qəbul edirlər. Bilirdim ki, ilk addımı necə qoyacağamsa, elə də davam edəcək. Buna görə də soyuqqanlı oldum. Soyuqqanlı olmaq verilən qərarların ədalətli olmasına kömək edir. Həmçinin, əgər hakim soyuqqanlı olmasa, oyunçunun hər bir narazılığına reaksiya versə, əsəblər tarıma çəkiləcək və bu, sonrakı oyunda təsirsiz ötüşməyəcək. Bu halda hakimlə futbolçu arasında pərdə qalmayacaq. 


- Kumiriniz olan hakim varmı? 
- Konkret kumirim olmayıb. Amma hər hakimdən oyunda istifadə etmək üçün nəsə yaxşı şey götürməyə çalışmışam. 

 

- Beynəlxalq səviyyəli oyunlarda hakimlər hər bir kiçik qayda pozuntusuna görə fit çalmırlar. Azərbaycanda çox vaxt hakimlərimiz kiçik qayda pozuntusundan ötrü oyunu saxlayır, bununla da oyunun tempini aşağı salırlar. Amma siz oyunu saxlamırsız... 
- Bəzən bizdə kobud oyunla sərt oyunu dəyişik salırlar. Hər sərt oyuna fit istəyirlər. Mən hər sərt oyuna görə fit çalmıram. Düzdü, azərbaycanlı hakimlər arasında oyunu tez-tez saxlayanlar olur. Amma hazırkı nəsil daha çox oyuna üstünlük verməyə, fitlə oyunun tempini aşağı salmamağa çalışır. Onu da deyim ki, bu, tək hakimlərdən asılı deyil. Bəzən oyunun tempini saxlamaq üçün fitlərdən az istifadə edirik. Amma bu, o demək deyil ki, qayda pozuntusuna göz yumuruq. Xeyr. Sadəcə, istəyirik, Avropa ölkələrindəki kimi oyunun tempi qalsın.

 

- Verdiyiniz qərara görə futbolçular sizə təzyiq göstərəndə nə edirsiz?
- Öhdəsindən yenə də sırf soyuqqanlıqla, heç bir reaksiya vermədən gəlirəm. Təbii ki, futbolçular hakimə əl qaldırası deyillər, sadəcə, narazılıq olur. Qeyd edim ki, futbolçular tərəfindən narazılıq bəzən doğurdan da hakim səhv edəndə olur. Bəzən də komanda istəmədiyi halda cərimə qazandığı, qol buraxdığı halda belə narazılıqlar baş verir. Yenə də çalışırıq ki, soyuqqanlı olub qərarımızı həmin komandanın oyunçularına qəbul etdirək. 

 

- Hakim olduğunuz ilk oyunu necə xatırlayırsız?
- Hakim kimi ilk oyunum 22 yaşımda Premyer Liqada “Xəzər Lənkəran” - “Turan”ın qarşılaşması zamanı olub. Həmin oyunda haradasa 11-12 min azarkeş var idi. Oyun heç-heçə başa çatdı. Hətta mən Lənkəranın iki qolunu ədalətli qərar verərək ləğv etdim. Onu da deyim ki, Lənkəranda azarkeşlər çox olduğu üçün orda hakimlik etmək daha xoşdu. Azarkeşlərin çox olması mənə əlavə stimul verir.

 

- Bəs hakim kimi qərar vermək necə, çətin deyil ki? Çünki bu qərar təkcə oyunçulara deyil, həm də azarkeşlərə təsir edir.
- Əgər qərarlar ardıcıl, ədalətli olursa, azarkeşlər də komandalarının ziyanına olsa belə, bunu qəbul edirlər. Amma bəzən azarkeşlər tərəfindən haqsız narazılıqlar da olur. 

 

- Deyirlər, hakim meydançada oyunçudan daha çox qaçır. Meydançada hakim kimi qərarlar verəndə ürəyinizdən keçirmi ki, “futbolçu olsaydım, topu belə vurardım” və s. 
- Futbolçu olmaq mənim bir nömrəli arzum olub. Bu da bir qismətdir. Təbii ki, adamın ürəyindən bəzən belə şeylər keçir.

 

- Sizi nə vaxt UEFA-nın elit oyunlarında görəcəyik?
- Hazırda onun üstündə çalışıram. İlk növbədə kateqoriyanı yeniləmək lazımdı. Hazırda ikinci kateqoriyadayam. Bunun üçün birinci kateqoriyaya keçmək lazımdı ki, ən azı Avropa Liqasının qrup oyunlarını idarə edim. Elə məqsədim də budu.

 

- Özünüzü inkişaf etdirmək üçün nə edirsiz?
- İdmanda irəli getmək üçün mütləq fiziki hazırlıq və nəzəriyyə lazımdır. Bunlar sırf hakimliyə aiddir. Xarici dil bilmək də vacibdir. Bundan başqa, Azərbaycanda və dünyada baş verənlərdən məlumatlı olmaq üçün xəbərləri izləyirəm. Bir də bədii ədəbiyyat mütaliə etməyi sevirəm. Detektiv əsərlər mənim üçün maraqlıdır. Amma təbii ki, daim detektiv oxumaq maraqsız olduğundan, dünya ədəbiyyatından digər janrlarına da müraciət edirəm. 

 

- Futbol hakimi tez-tez regionlara, xaricə səfərlər edir. Hələ ki, ailəli deyilsiz. Ailə qurduqdan sonra sənətinizi davam etdirmək çətin olmayacaq ki?
- Məncə, problem olmamalıdır. Mən artıq bu periodu keçmişəm. Atam xarici ölkələrdə hakimlik edəndə həftələrlə evdə olmayıb. Bu, bizim üçün problem yaratmayıb. Düşünürəm ki, mənimlə ailə quracaq qız da bunları nəzərə alaraq qərarını verəcək. 

 

- Rubrikamızın ənənəvi sualı: uğurunuzun sirri nədədi?
- Uğurumun sirrini valideynlərimin, orta və ali məktəbdə dərs deyən, eyni zamanda, hakimliyi öyrədən müəllimlərimin mənə düzgün yol göstərməsində görürəm. Bu yerə çatmağımda onların böyük rolu var. Bir də başqalarından ən yaxşı xüsusiyyətləri götürmək də uğura aparan yollardandı.

 

 

mənbə: "Kaspi" qəzeti

 


Xəbər xətti