Robert Prosineçki: "Oyundan narazı qaldım" - MÜSAHİBƏ

23:47 28 Mart 2015

“Oyundan narazı qaldım. Bəzi məqamlarda mən istədiyim oyunu nümayiş etdirə bilmədik. Amma komanda əlindən gələni etdik. Bundan yaxşı oynaya da bilərik”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Malta üzərində 2:0 hesablı qələbə qazanan komandamızın xorvatiyalı çalışdırıcısı bildirib ki, nəticə ürəyincədi: “Futbolçular əllərindən gələni etdilər. Lakin onların potensialı bundan da yaxşı oynamağa imkan verir”.

 

- Məhəmməd Qurbanovu oyunun gedişində meydana buraxacağınızı gözləyirdik. Amma ona şans vermədiz...

- Qarşılaşmadan öncə çətin matç olacağını demişdim. Rəqib müdafiədə ciddi oynayır. Fikir verirəm ki, jurnalistlər tövsiyə edirlər ki, kim harda oynamalıdı. Mən baş məşqçiyəm, öz fikirlərim var. Namiq Ələsgərov matça yaxşı başladı, amma zədələndi. Ümid edirəm ki, onun zədəsi ciddi deyil. Mən ümumilikdə hücum, yarımmüdafiə və müdafiə xəttindən razı qaldım.

 

- İkinci hissənin müəyyən bölümündə yığma sanki oyundan qopmuşdu. Geri çəkilmə nə ilə əlaqədar idi?

- Sözsüz ki, bu, psixoloji təzyiqlə bağlı idik. Əvvəlki 4 oyunda məğlub olmuşduq. Buna görə də, komanda bu dəfə qalib gəlməli idi. 90 dəqiqə hücum futbolu oynaya bilmədik. Üstəlik, bu gün 3 futbolçu ilk dəfə millinin formasını geyindi. Bəzi məqamlarda geri çəkilməli olduq. Bu da dediyim kimi, psixoloji gərginliklə bağlı idi. Erkən qol vurduq. Birinci hissədə topu daha çox saxlamağa çalışdıq. Səhvlərimiz oldu. Tam istədiyimiz kimi hər şey alınmadı, vaxt lazımdı. Futbolçular da insandılar, onları da başa düşmək lazımdı. Malta böyük futbol ölkəsi olmasa da, belə komandalara qarşı oynamaq çətindi.

 

- Arif Daşdəmirovla Əfran İsmayılovun çıxışından razı qaldızmı? Razısızmı ki, legioner futbolçularımızın azlığı komandanın çıxışına mənfi təsir edir?

- Hər ikisindən razı qaldım. Yaxşı mübarizə apardılar. Bəli, top səhvləri oldu, amma bunsuz mümkün deyil. Əfran Azərbaycanın ən bacarıqlı potensiallı futbolçularından biridi. Gələcəkdə ondan bundan da yaxşı oyun gözləyirik. Cavid Hüseynovu da qeyd etmək istərdim. İndiyədək ondan belə yaxşı oyun görmüşdüz? Əsas heyətdə şans verdiyim bütün futbolçular klublarında daimi oynayırlar. Nazarovu sonradan meydana buraxdım. Ümid edirəm ki, legioner həyatı yaşayan futbolçular klublarında daha çox oynayacaqlar. Həm Nazarov, həm də Eddi İsrafilovdan bunu gözləyirəm.

 

- Rahid Əmirquliyevi həm millidə, həm də klubunda daha çox dağıdıcı funksiya yerinə yetirən oyunçu kimi görmüşük. Bu dəfə cinahdan hücuma daha çox atılırdı...

- Son 4 ayda Rahidin çıxışını çox izləmişəm. Daim eyni səviyyədə oynayır. Çox yaxşı, peşəkar futbolçudu. Onun üçün dağıdıcı, yoxsa hücumameyilli oynamasının fərqi yoxdu. Həmişə əlindən gələni edir, meydanda mübarizə aparır. İnsan kimi də müsbət insandı.

 


Digər xəbərlər

Xəbər xətti