3 boksçumuz olimpiadaya lisenziya qazanmağa yaxındır

16:46 30 Mart 2015

Ümumdünya Boks Seriyası (WSB) 11-ci turdan sonra fərdi reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az  Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, “Baku Fires” klubunun iki üzvü – Məhəmməd Qurbanov və Albert Səlimov öz çəkilərində reytinq cədvəlinə başçılıq edirlər. Heybətulla Hacəliyev isə Polşada qələbə qazandıqdan sonra 2-ci yerə yüksəlib.

 

56 kq çəki dərəcəsində mübarizə aparan M.Qurbanov 5 görüşdən sonra 25 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi irlandiyalı Maykl Konlanın 21 xalı var. Bu çəkidə 2 idmançı lisenziya alacağından boksçumuzun böyük şansı var.

 

A.Səlimov da (60 kq) Rio-de-Janeyro olimpiadasına vəsiqə qazanmağa çox yaxındır. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.

 

H.Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini möhkəmləndirib. Son gürüşdə polşalı boksçunu məğlub edən həmyerlimiz 5 döyüşdən sonra 25 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadır. Meksikalı Raul Qarsiya və kubalı Yasiner Toledo 3-4-cü yerləri bölüşürlər. Bu çəkidə 4 idmançının da olimpiadaya lisenziya qazanmaq şansı qalır. Qeyd edək ki, 64 kq çəki dərəcəsində 2 boksçu vəsiqənin sahibi olacaq.

 

69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov 16 xalla 4-cü yeri tutur. Boksçumuz lider Rəcəb Butayevdən (Rusiya) 9 xal geri qalır. Bu çəkidə 2-ci yeri hesabında 24 xal olan mərakeşli Məhəmməd Rabii tutur.

 

Bu mövsüm bütün görüşlərdə qələbə qazanan Abdulqadir Abdullayev (91 kq) reytinqə 3-cü sıradadır. “Baku Fires” klubunun üzvü 5 qarşılaşmadan sonra 25 xal toplayıb. Qazaxıstanlı Vasili Levit və kubalı Erislandi Savon 28 xalla 1-2-ci yerləri bölüşsələr də, bu boksçular millimizin üzvündən bir görüş çox keçiriblər. Bu çəkidə 1 idmançının lisenziya alacağını nəzərə alsaq, A.Abdullayevə çətin olacaq.

 

Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədir. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından 1 görüş az keçirib. Siyahıya 25 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədir.

 

Xatırladaq ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio olimpiadasına vəsiqə qazanacaqlar.

 


Digər xəbərlər

Xəbər xətti