Məhəmməd Qurbanov dünyada birincidir

12:15 31 Mart 2015

Dünya Boks Seriyası (WSB) liqanın 11-ci turundan sonra fərdi reytinq cədvəlini açıqlayıb. “Baku Fires” klubunun iki üzvü – Məhəmməd Qurbanov və Albert Səlimov öz çəkilərində reytinq cədvəlinə başçılıq edirlər. Heybətulla Hacəliyev isə Polşada qələbə qazandıqdan sonra ikinci yerə yüksəlib.

 

Sportarena.az xəbər verir ki, M.Qurbanov (56 kq) 5 görüşdən 25 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi irlandiyalı Maykl Konlanın 21 xalı var. Bu çəkidə 2 idmançı Olimpiya lisenziya alacağından boksçumuzun böyük şansı var.

A.Səlimov (60 kq) da “Rio-2016” Olimpiya Oyunlarına vəsiqə qazanmağa çox yaxındır. Beş görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.

Son görüşdə polşalı boksçunu məğlub edən H.Hacəliyev (64 kq) beş döyüşdən sonra 25 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, birinci sıradadır. Meksikalı Raul Qarsiya və kubalı Yasiner Toledo 3-4-cü yerləri bölüşürlər. Bu çəkidə 4 idmançının da Olimpiadaya lisenziya qazanmaq şansı qalır. Qeyd edək ki, 64 kq çəki dərəcəsində 2 boksçu vəsiqənin sahibi olacaq.

Digər boksçularımız Abdulqadir Abdullayev (91 kq) üçüncü, Pərviz Bağırov (69 kq) və Arslanbek Mahmudov (91 kq-dan yuxarı) isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 49, 91 və 91 kiloqramdan yuxarı çəki dərəcələrində reytinqdə birinci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar “Rio-2016”ya vəsiqə qazanacaqlar.

 


Xəbər xətti