Çingiz Abdullayev: "...ərizəmi yazıb, çıxıb gedəcəm" - MÜSAHİBƏ

12:18 2 Aprel 2015

 

"Neftçi"nin Müşahidə Şurasının sədri, taınmış azərbaycanlı yazıçı Çingiz Abdullayev, "Bakı" ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- "Neftçi" komandasının "Bakı" ilə keçirilən oyununa sonradan gəldiniz. Ancaq Müşahidə Şurasının digər üzvləri matçı izləyirdi...

- Mənim görüşüm vardı. Xarici qonaqlar vardı və istəyirdim onları da stadiona gətirim. Hesabın necə bitəcəyini bilmirdim. Ancaq öyrənmişdim ki, qalib gəlirik. İstəyirik ki, "Neftçi" strukturunda dəyişiklik olsun. Fikirləşirəm ki, alman və ya ingilis klubu kimi bir komanda yarada bilərik.

 

- Digər işləriniz həddən artıq çox olur. "Neftçi"dəki işiniz digərlərinə mane olmayacaq?

- Dünyada idman federasiyalarına həmişə nüfuzlu adamlar baxır. Ona görə ki, mütləq həmin adamın özü bu işlə məşğul olmalıdır. Konkret olaraq deyim. Şahmat federasiyasının prezidenti Elman müəllimin işi heç də məndən az deyil. Ya da taekvando və digər federasiyaları misal çəkim. Onlar da kömək edirlər. Mən Rusiyanın Leninqrad şəhərindən gəlmişəm. Orada Heydər Əliyev kubokunu təqdim edirdim. Həmin federasiyanın rəhbəri Adil Əliyev də orada idi. O demək deyil ki, mən gəlmişəm, gedib qapıçı duracam. Ya meydana çıxıb futbol oynayacam. Xahiş etsəniz də oynamayacam (gülür). Biz istəyirik ki, ilk növbədə "Neftçi"nin beynəlxalq arenada nüfuzunu qaldıraq. Onu indi də etmək olar, bəzi tanışlarıma deyə bilərəm ki, bizi hansısa beynəlxalq turnirə dəvət etsinlər. Ancaq məsələ orasındadır ki, turnirə qatıldınsa, oynamalısan, qələbə qazanmalısan. Vaxtilə bizim hücumçuları SSR-yə çağırırdılar. Yəni nəticə olmalıdır. Hələlik isə heç nə yoxdur. Bonişevski, Tuayev vardı.

 

- Beynəlxalq əlaqələriniz güclüdür. "Neftçi"ni brendə çevirmək üçün hansı planlarınız var?

- Biz Azərbaycan dedektivini dünya brendi edə bildik, nəyə görə futbolu edə bilməyək? İstəmirəm ki, qabaqcadan deyim.

 

- Mövsümün başa çatmasına 2 tur qalmış "Neftçi"də struktur dəyişikliyi oldu. Əgər bu dəyişiklik mövsüm sonunda uğurlu olmasa, sizə qarşı qınaq olmayacaq?

- Təbii ki, yox. İki aya komandanı dəyişmək olmur. 2002-ci ildə Almaniya yığması dedi ki, biz çempion olacağıq. Öz üzərilərində işlədilər və Dünya çempionu oldular.

 

- "Neftçi"də belə bir strategiya var: Yerli baş məşqçi və futbolçu. Siz də bu strategiyanın tərəfdarısınız ya necə?

- Əvvəlcədən deyim ki, Kriştiano Ronaldunu, Messini çağıra bilmərik. Məni vəzifəyə təyin edən kimi dedim "Neftçi" nümunəvi komanda olub. Bəlkə Bakı Olimpiya Stadionunu bizə verəsiniz. Dedilər verək, amma 12 minlik "Bakcell Arena"nı azarkeşlə doldurun, sonra oranı verək. Baxmalıyıq ki, necə, nə qədər pul veririk. Ronaldu alan maaşı bizim bütün futbolçular bir yerdə almır. Həm də o, xərclənəndən çox qazandırır. Futbol ən çox gəlir gətirən sahədir. Necə olar ki, 100 minlərlə pul verəsən, amma nəticə verməsin? Onda onun komandada nə işi var?

 

- Berti Foqtsun 6 il Azərbaycanda işləməsi və tutarlı uğurun olmaması sizi də narahat edirdi...

- Çox narahat edib. Berti Foqts oyunçu kimi xoşuma gəlirdi, amma fikirləşirdim ki, niyə belə oldu? Almaniya Baş məşqçisi Yunanıstanı Avropa çempionu etdi, bizdə isə alınmadı. Klubda yalnız azərbaycanlı ola bilməz, axı. Millidə isə azərbaycanlı olmalıdır. Birini, ikisini yalandan yazarıq, evləndirərik, amma hamısını olmaz (gülür).

 

- Beynəlxalq turnirlərdə çıxış etmək istədiyinizi dediniz. Konkret olaraq hansı turnirlərdən söhbət gedir?

- Avropanın hər ölkəsinə kubokda yer verirlər. Bir az qabağa getmək lazımdır. Maltanı udub sevinirik. Vaxtilə bunu desəydik, qəbirdəki futbolçular yerində qıvrılardı. Hesab etmirəm ki, bu bizim böyük uğurumuzdu. Çünki biz Maltaya qalib gəlməliydik.

 

- Klub üzvləri ilə görüşmək imkanınız olub?

- Bəli, bəziləri ilə görüşmüşəm. Bir neçə gündən sonra bütün oyunçularla da görüşəcəm.

 

- Rövnəq Abdullayev "Neftçi"nin səhmlərinin satışa çıxarılacağını bildirib. Səhmlərin satış planında xarici müştərilər var?

- Bəli, var. Hesab edirəm ki, gəlib əgər pulu ilə iştirak edəcəksə, olsun. Mən bunu dəqiq deyə bilmərəm. Misal üçün, "Atletiko Madrid"də Azərbaycan reklamı deyir. Mən hüquqşünasam. Əsas orasıdır ki, bu ictimai qurum olsa, vergi verməyəcək. Əks təqdirdə vergi ödənilməlidir. Etiraf edək ki, böyük pullar xərclənilir, amma qazanılmır. "Mançester Yunayted" dünyanın ən varlı klubudur. Çünki mövsümə start verilməmiş bütün biletlər satılır. Biz 9 milyonluq xalq 11 min bilet sata bilmirik? Lazım olsa, özüm də gedib danışaram, qoy uşaqlar gəlib baxsınlar. Bakıda 2 milyon adam var. Təəssüf ki, bu gün biz 68 minlik stadionu doldura bilmərik.

 

- Transfer məsələsində əsas məsuliyyət sizin üzərinizə düşəcək, ya icraçı direktorun?

- Həm icraçı direktor, həm də digər peşəkarlar bu işlə məşğul olacaq. Sadəcə mən hamısına nəzarət edəcəm. Çünki bu şəffaf məsələ olmalıdır. Transferi hər yerdə klub rəhbəri həll edir, çünki məşqçinin pul məsələsini idarə etmək icazəsi yoxdur. Çünki biz transferə pul veririksə, bunu həll etməliyik. Tərifləmək üçün demirəm, amma ona görə nüfuzlu adam seçiblər ki, "Neftçi"yə kömək olsun.

 

- Ola bilər ki, sizin gəlişinizdən sonra yeni mövsüm üçün "Neftçi"nin büdcəsi artırılacaq?

- Hesab edirəm ki, artırılmalıdır.

 

- Bu işdə sizə ən yaxın şəxs Elnur Məmmədov olacaq. Onun gənc və rəhbrəlikdə o qədər də təcrübəli olmaması, sizi narahat etmir ki?

- Xeyr, pis işləsək mən özüm dözməyəcəm, ərizəmi yazıb, çıxıb gedəcəm. Adam özü-özünə hörmət etməlidir. Yaxşı-pis 29 dilə kitablarım tərcümə olunub. Mənim qələmim də, kitabım da var, adım da var. Heç kəs bunu mənim əlimdən ala bilməz.

 

- Çingiz Abdullayev bugünədək yığdığı imici futbolda korlamaq fikrində deyil...

- Xeyr, Yazıçılar İttifaqının katibi olanda 171 evə qol çəkdirmişdim. Heç kimdən heç nə almamışam. Bir nəfər də bu haqda mənə nəsə deyə bilməz.

 

- O mənada yox, yəni uğursuzluq mənasında...

- Nəinki mən, nə Bəhram Bağırzadə, nə digərləri bunu istəmir. Biz gəlirik ki, kömək edək. Mənə deyirlər ki, nəyinə lazımdı. Mən azərbaycanlıyam, kömək edə bilirəmsə, niyə etməyim?

 

- Açıqlamanızda demişdiniz ki, "Neftçi"ni ilk növbədə bakılılar dəstəkləməlidir...

- Mən demədim, Rövnəq müəllim dedi ki, futbol yerliliyi sevir.

 

- Yəni reallıq belədir ki, Bakının mərkəzində bakılılar azdır. Bakı kəndlərində isə mentalitet bir az fərqlidir...

- Razıyam, bəlkə onlara avtobus vermək lazımdır, ya bəlkə hər qəsəbədə fan-klub olmalıdır? Amma "Neftçi" əsasən Bakı ilə bağlıdır. Mən Azərbaycan dilində danışanda çox adam gülür ki, gör necə Bakı ləhcəsi ilə danışır. Mən çalışacam ki, "Neftçi" tək Bakının yox, hər yerin komandası, sevimlisi olsun. Çünki "Neftçi"nin həm də güclü sponsoru var. Açıq danışaq, heç bir komandanın bu cür varlı sponsoru yoxdur. Həm də bu komandanın uğurlu çıxışı olan tarixi var, axı.. O vaxtda "Neftçi" oynayanda stadion dolurdu.

 

- "Bakcell Arena"da azarkeşlərin az olması stadionun yerləşdiyi ərazidən irəli gəlmir?

- Mən Tofiq Bəhramov adına Respublika stadionunda da elə çox adam görmürdüm. Ona görə deyirəm ki, bəlkə avtobus tutaq, hər kəsi gətirək. Bir il 12 minlik stadionu azarkeşlə doldura bilmiriksə, mərkəzə nəyə gedirik? Münhendə Olimpiya stadionunu tikəndə 100 minlik idi, amma hamı gəlirdi.

 

- Sadıq Sadıqovun klub prezidenti kimi təcrübəsi sizlə müqayisədə daha çoxdur. Onunla bu barədə hansısa söhbət aparmısınız?

- Bəli, ilk növbədə onun telefonunu almışam. İlk dəfə ona dedim ki, bizim haqda o qədər yazırlar ki, axırda bir-birimizi duelə çağıracağıq (gülür). Təbii ki, onun məsləhəti ilə də oturub işləməliyik. O mənə kömək etsin. İnsan özü deməməlidir ki, mən hamıdan ağıllıyam.

 

- Nə vaxtsa "Neftçi"yə rəhbərlik edəcəyinizi gözləyirdiniz?

- Xeyr, Mənə uşaqlıqda kimsə desəydi ki, xalq yazıçısı olacam, bir manata bir milyon verib deyərdim ki, olmayacam. Mən məşq üçün deyiləm. Sadəcə kömək üçün burdayam. Bir adam gəlib deməsin ki, mən hansısa şəxsi məqsəd üçün burdayam. İmicimi itirə bilərəm, amma uğur olsa, hesab edərəm ki, nə isə qazanmışam. Vaxtilə hüquq fakültəsində 5 il futbol klubunun prezidenti olmuşam. Orada indi bizim 12 generalımız olub. Adlarını saysam, unutmarsınız. Burada da elə olmalıdır.

- "Neftçi"nin nüfuzunun itirilməsində bir sıra səbəblər olub. Klub və ya futbolçu tərəfindən edilən hərəkətlər klubun imicinə zərbə vurub. Bununla bağlı məlumatınız olub?

- Hamısından xəbərim var. Baxmayaraq ki, yazıçıyam, amma ilk peşəm hüquqşünasdır. Belə əhvalat olsa, söz verirəm ki, liberal olmayacam. Həmin dəqiqə özünü apara bilməyən insanlar buradan rədd olub gedəcəklər. Ona görə ki, futbol dünyada bir nömrəli idman növüdür. Futbola ilk növbədə cavanlar gəlir. Futbolçu özünü meydanda heyvan kimi aparırsa, ona baxan da belə edəcək. Mən kitab yazanda düşünürəm ki, yazdığım insanları tərbiyə etməlidir. Futbol da belə olmalıdır. Fair-play qaydaları var. Futbolçu dalaşsa, söyüşsə, hakimi təhqir etsə, artıq bu futbol olmaz. Çalışacağıq ki, nümunəvi komanda olaq. Dava, söyüş, təhqir olsa, həmin adamlar komandada qalmayacaq. Ya mən qalacam, ya onlar. Mən sərt adamam.

 

- Ancaq futbol emosiya oyunudur...

- Dünya standartı var. Azarkeşin hansısa sözü qışqırmasını başa düşürəm, amma təhqiri yox. İlk növbədə bu cinayət işidir. Necə yəni, sən kimisə təhqir edə bilərsən? Sənin nə ixtiyarın var? Hüquqşünas kimi deyirəm ki, bu cinayət işidir. İkincisi də sən futbolçusan, sənə hər kəs baxır. Özünü apara bilməyən futbolçu meydana çıxmasın. Bu teatr kimidir. Suarez rəqibini dişləyəndə bütün dünya bunu görmüşdü və hamı gülürdü. Ya da Maradonanın əli ilə qol vurması indiyədək danışılır.

 

- "Neftçi"dən kitab yazmağı düşünmürsünüz?

- Hələ düşünmürəm, axı mən dedektiv yazıram. Deyirsiniz, gələn kimi dedektiv başlasın? Heç olmasa burda olmasın (gülür). Gələn kimi birini öldürüm?

 

- Bəhram Bağırzadə güldürən, siz isə düşündürən... Çətin olmayacaq ki?

- Bəhram mənə deyib ki, anam sizin kitablarınızı oxuyur. Hər dəfə Bəhramın çıxışını görəndə sevinirdim ki, gözəl çıxış edir. Sevinirəm ki, onun kimi bir insanla birgə işləyəcəm.

 

- Sizin "Neftçi"yə gəlməyiniz xəbəri yayıldıqda hər kəsi bir sual düşündürürdü: "Yazıçı Çingiz Abdullayev hara, futbol hara". Bunu eşitdikdə münasibətiniz necə oldu?

- Yenə deyirəm, federasiya rəhbərləri var ki, idman adamları deyil. Gəldim ki, kömək edim. Əgər bacararamsa, qalacam. Yox kömək edə bilməsəm, o zaman gedərəm.

 

- Yəni mətbuatda yazılanlara reaksiyanız necə oldu?

- Yazıçı kimi nəsə yazanda məndən soruşurdular ki, niyə cavab vermirsən. Mən onlara bunu deyirdim: "Abidə milçəyə cavab verməz".

 


Digər xəbərlər

Xəbər xətti