"Simurq" azarkeşindən Vobaya sərt sözlər: “Xəzər Lənkəran” və “Qəbələ” azarkeşlərini məsələyə qatacayıq"

12:48 6 Aprel 2015

“Vobay, oyun qurtarandan sonra öz azarkeşləri ilə qələbə sevincini bölüşdü. Daha sonra isə “Simurq” azarkeşlərinə tərəf gəlib şortunu aşağı çəkdi, gövdəsini dala-qabağa verib ədəbsiz jest elədi”

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Simurq” klubunun azarkeşi İnqilab Soltanov bildirib.

 

Dünən başa çatan “Simurq” – “Neftçi” qarşılaşmasından sonra qalmaqallı anların yaşandığını xəbər vermişdik. Belə ki, qonaqların minimal hesablı qələbəyə sevindiyi oyundan sonra “Neftçi”nin futbolçusu azarkeşlərə qarşı təhqiramiz jest etmişdi.

 

İnqilab Soltanov saytımıza açıqlamasında hadisənin təfərrüatlarına vararaq – “Bizim fikrimiz qətiyyən “Neftçi”nin qələbəsinə kölgə salmaq deyil. Oyundan əvvəl də onların azarkeşlərini qonaqpərvərliklə qarşıladıq, özüm gedib rəhbərliknən görüşdüm. Yəni, bir meydan sahibi kimi onlara qarşı pis bir hərəkət etmədik.

Ancaq oyunun sonlarında bizi təəssüfləndirəcək və əsəblərimizə toxunacaq bir olay baş verdi. Vobay, (“Neftçi”nin futbolçusu – red) oyun qurtarandan sonra öz azarkeşləri ilə qələbə sevincini bölüşdü. Daha sonra isə “Simurq” azarkeşlərinə tərəf gəlib şortunu aşağı çəkdi, gövdəsini dala-qabağa verib ədəbsiz jest elədi.

Bütün bunlar təbii ki, “Simurq” fanatlarının qəzəblənməsinə səbəb oldu. Meydana yad əşyalar atıldı. İndi gəlib bizim klubu buna görə cəzalandıracaqlar. Bəs o futbolçunun hərəkəti necə olacaq?

Azərbaycanda hansısa xarici futbolçuya nə isə bir zarafatyana söz deyəndə deyirlər ki, bu irqçilikdi, etmək olmaz. Bəs xaricdən gəlmiş, Azərbaycanın çörəyini yeyən belə bir futbolçunun hərəkətini niyə pisləmirlər? Axı bizim ən azından milli qürurumuz var. Belə futbolçulara niyə çox qol-qanad verirlər anlamıram.

 

Mən oyundan sonra “Neftçi”nin rəhbərlik və azarkeşlərinə də bu barədə şikayətimi bildirdim. Dedilər ki, “Oyunçu öz komandasının qələbəsini qeyd edib”. Əgər belə qələbə qeyd edirlərsə, bundan sonra “Neftçi”nin bütün futbolçuları hər qələbədən sonra elə öz rəhbərliyinin qarşısında şortlarını aşağı salıb gövdələrini dala-qabağa versinlər”. – deyib.

 

Soltanov, Vobayın cəzalandırılmayacağı təqdirdə başqa klubların da azarkeşlərini bu məsləyə qatacaqlarını bildirib.

“Digər bölgə klublarının azarkeşləri də bizim qardaşlarımızdır. Əgər Vobay cəzalandırılmasa “Xəzər Lənkəran” və “Qəbələ” azarkeşlərini də məsələyə qatacayıq”. 


Digər xəbərlər

Xəbər xətti