"Xəzər Lənkəran" klubunda daha bir ayrılıq: Ruslar Cəfərovu istəyir

13:28 7 Aprel 2015

“Xəzər Lənkəran” klubunda mövsüm sonuna yaxın daha bir ayrılıq baş verəcəyi gözlənilir.

 

“Ağ-yaşıllar”ın gənc futbolçusu Elnur Cəfərov ilə Rusiyanın “Mordoviya” klubunun maraqlandığını xəbər vermişdik. 19 yaşadək Azərbaycan Milli Komandasının Fransada keçirilən Avropa Çempionatının elit-raundunda futbolçunun oyunu “Lans” klubunun rəsmisi tərəfindən də diqqətdə saxlanılmışdı.

 

Futbolçu üçün Rusiya Premyer Liqasının daha bir klubundan təklif olduğu barədə sportarena.az saytına məlumat daxil olub. Məlumatda klubun adı açıqlanmasa da, klub nümayəndəsinin futbolçunun atası ilə danışıqlara başladığı bildirilib.

 

Qeyd edək ki, bir-neçə gün öncə İlqar Ələkbərov və Nurxan Məsimzadə Lənkəran klubundan onlara bəslənən ümidləri doğrultmamaqları səbəbindən klubdan göndərilmişdi. Elnur Cəfərovun gedişi klubda üçüncü ayrılıq ola bilər.


Digər xəbərlər

Xəbər xətti