Azərbaycan klubuna silahlı hücum olarsa... - ARAŞDIRMA

17:46 8 Aprel 2015

Yaxın zamanda Avropanın iki klubu silahlı hücumla qarşılaşdı. Fransanın PSJ klubu bu hücumdan xətasız xilas ola bildisə, Türkiyınin “Fənərbağça” klubu hücum zamanı avtobus sürücüsünü itirə bilərdi. Həmçinin, hücum nəticəsində Superliqanın oyunları təxirə salındı və Türkiyə futbolu 1 milyard avro ziyana düşdü.

 

Sportarena.az eyni arzuolunmaz halın Azərbaycan klublarının başına gələcəyi halda hansı vəziyyətin yaranacağı, klubların necə bu hücumdan qorunacağı haqqında araşdırma apardı. Öncədən deyək ki, araşdırma klublarımızın bu hala hazır olmadığını göstərdi. Əgər, hansısa Azərbaycan klubuna silahlı hücum olarsa, bundan qorunmaq böyük mənada çətin olar. Mühafizənin səmərəli təşkilinə həm də qanunlar imkan vermir. Belə ki, heç bir mühafizəçiyə silah gəzdirməyə icazə verilmədiyindən onların əliyalın hansısa silahlı basqının qarşısını ala biləcəyi inandırıcı deyil

 

 

İlk olaraq suallarımızı “Neftçi” klubunun Mətbuat Katibi Gündüz Abbaszadə cavablandırdı.

Abbaszadə, onların daha əvvəl belə hücumla qarşılandığını, lakin bir daha belə halın baş verməyəcəyinə inanmadığını bildirərək – “Azərbaycanın hər bir bölgəsi bizə doğmadır. Futbolda belə şeylər olur. Daha əvvəl də klubumuzun avtobusuna daşla hücum etmişdilər. Lakin, belə halın bir daha təkrarlanacağına inanmıram. Hazırda Lənkərandayıq, mühafizə xidmətindən etirazımız yoxdur”. – deyib.

 

Həmçinin, “Neftçi” klubunun səfər oyunlarına maksimum 3 mühafizəçi ilə yollandığı da tərəfimizə bildirilib.

“Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu hesab edir ki, güclü mühafizə heç də hər şeyi həll etmir. “Səfər oyunlarına bəzən mühafizəsiz yollanırıq. Ya da 2 mühafizəçimi olur. Son illərdə “Neftçi” ilə oyunlardan öncə belə insidentlərlə rastlaşmışıq. Dəfələrlə avtobusumuza hücum olunub. Şükürlər olsun ki, bu il belə hal təkrarlanmayıb. Həm də, silahsız mühafizəçi guya nə edəcək ki?”

 

“Simurq” klubunun Mətbuat Katibi Rüstəm Allahverdiyev də Lənkəranlı həmkarı ilə oxşar fikirləri səsləndirdi. “Mühafizə xidmətinə silah gəzdirməyə icazə verilmir. Buna görə də klubda mühafizəçinin olmasının ciddi əhəmiyyəti yoxdur. Hər bir meydan sahibi klubun borcudur ki, qonaqları şəhərdən çıxana qədər müşayət etsin. Sonrası isə, bayaq dediyim kimi... Silahsız mühafizəçi elə bir ciddi qoruma təşkil edə bilməz”.

 

“Qarabağ”ın Mətbuat Katibi Nurlan İbrahimov isə səfərə minimum 10 mühafizəçi ilə yollandıqlarını bildirməklə yanaşı belə bir hücum gözləmədiklərini bildirib.

“Dövlətimizin bizi yaxşı mühafizə edəcəyini bilirik. Onlara inanırıq. Buna baxmayaraq səfərdə ən azı bizi 10 mühafizəçi qoruyur”.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti