"Qəbələ" çempion oldu

18:37 13 Aprel 2015

“Qəbələ” 2014/2015 mövsümündə 2-ci titulunu qazanıb. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan öncə “Bakcell U-14 Elit Kuboku”nu qazanan Xaqani Məmmədovun yetirmələrinin uğurunu U-17 komandası çempionluqla davam etdirib. 

 

Ramin Quliyevin yetirmələri XIX turda aprelin 13-də “Neftçi” ilə ev oyununda 2:1 hesabı ilə qələbə qazanmaqla, sona 3 tur qalmış qızıl medalları rəsmiləşdiriblər. "Qəbələ"dən qolları Maqsud Ələkbərovla kapitan Baxşəli Baxşəliyev vurublar.

 

Ramin Quliyev açıqlamasında çempionluq sevinci ilə bağlı təəssüratlarını bölüşüb: "1998-ci il təvəllüdlülər elə bir kollektivdir ki, burada seçmə futbolçular yığışıb. Kollektiv futbol akademiyamızın ən yaxşı komandalarından biridir. Təsadüfi deyil ki, 17 yaşlılarımız ardıcıl 3-cü ildir U-17 Liqasında 1-ci yeri tutur. Təbii ki, çempionluq uşaqlar üçün böyük stimuldur. Ancaq istənilən halda, əsas məqsədimiz titul qazanmaq deyil, “Qəbələ”nin daha yuxarı yaş qruplarına – U-19-a, əvəzedicilərə və əsas komandaya futbolçu verməkdir.
 
 

Bu, məşqçi kimi ilk çempionluğum olduğundan, şəxsən mənim üçün önəmli nəticədir. Ötən mövsüm işlədiyim “Qəbələ”nin 2002-ci il təvəllüdlüləri ilə yalnız finalda uduzub, gümüş mükafatçı olmuşdum. İndi məqsədimiz kubokda da qalib gələrək mövsümü “qızıl dubl”la baş vurmaqdır. Buna yaxşı şansımız var. Çünki yarımfinalın birinci oyununda “Neftçi”ni 3:2 hesabıyla məğlub etmişik”.


Xəbər xətti