Arif Əsədov: “Lənkəranda “Xəzər Lənkəran”a qarşı oynamaq gənc futbolçu üçün asan deyil”

15:02 16 Aprel 2015

“Lənkəranda “Xəzər Lənkəran”a qarşı oynamaq gənc futbolçu üçün asan deyil”

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

 

Əsədov, “Qəbələ” ilə oyun öncəsi klubunun son durumuna aydınlıq gətirərək, “Ardıcıl oyunlar komandada bir qədər yorğunluq yaradıb. Bilirsiz ki, ardıcıl olaraq Zaqatala və Lənkərana səfər etdik, daha sonra kubokda ağır oyunumuz oldu. İndi də son həftələrin ən güclü klubu olan “Qəbələ” ilə qarşılaşacağıq. “Qəbələ” Azərbaycan Kubokundan əlini üzəndən sonra çempionatda ardıcıl qələbələr qazanır. Ona görə də çətin olacaq. Amma, əsas məqsədimiz 3 xalı qazanmaqdır”. – deyib.

 

Arif Əsədov həmçinin sabahkı oyunda gənc oyunçulara güvənmək istədiyinə də işarə vurub.

“Komandada ciddi itkilər var. Həm cəzalı duruma düşənlər, həm də zədəlilərimiz yetərincə çoxdur. Amma, bu bizə bəhanə olmamalıdır. Gənc oyunçular üçün şans yaranıb ki, özlərini göstərsinlər. Yadınızdadırsa daha əvvəl də demişdim ki, bu mövsüm futbolumuza bir  neçə oyunçu qazandırmaq istəyirik. Lənkərandakı oyunda Elşən Abdullayevə şans vermişdik. Lənkəranda “Xəzər Lənkəran”a qarşı oynamaq gənc futbolçu üçün asan deyil. “İnter”lə oyunda Rahil Məmmədova şans verdik. Düşünürəm ki, onlar da tədricən özlərini doğruldacaq”.

 

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı sabah saat 20:00-da “Bakcell Arena”da oynanılacaq. Görüşü Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.


Digər xəbərlər

Xəbər xətti