FOTO AGF Kuboku turnirində 16 qızıl, 14 gümüş və 23 bürünc medal qazandıq

23:25 20 Aprel 2015

Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Ötən ilki yarışlardan fərqli olaraq bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyırdı.



Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edib. Ümumilikdə, 13 ölkədən 500-ə yaxın idmançının mübarizə apardığı yarışda güləşçilərimizin çıxışını uğurlu hesab etmək olar. Belə ki, 4 gün davam edən yarışı yığma komandamızın üzvləri 16 qızıl, 14 gümüş və 23 bürünc olmaqla ümumilikdə 53 medalla başa vurdu. 

Yeniyetmə yunan-Roma güləşçilərimiz 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq ilk yarış gününə damğa vurdular. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri ikinci yarış günündə mübarizəyə qoşuldurlar və günü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdular. Yarışın son iki günündə mübarizəyə qoşulan sərbəst güləşçilərin qazandığı 24 medaldan, 4 qızıl, 3 gümüş və 8 bürüncü yeniyetmələrin, 5 qızıl, 1 gümüş və 3 bürüncmedal isə gənclərin payına düşüb.


Xəbər xətti