Cavid Hüseynov: "Lənkəranda bunu nümayiş etdirə bilmədik"

09:58 28 Aprel 2015

"Xəzər Lənkəran"la oyun çətin oldu. Qarşılaşma gözlədiyimiz kimi alınmadı. Komandamızın sürətli, özünəxas oyun üslubu var. Lakin Lənkəranda bunu nümayiş etdirə bilmədik. Amma əsas olan nəticədir ki, buna da nail olduq. Çətinliklə də olsa, ardıcıl 8-ci qələbəmizi qazana bildik". 



SportArena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın 31-ci turunda "Xəzər Lənkəran"a qalib gəldikləri oyun (1:0) haqda danışarkən deyib. 

"Qəbələ"nin qələbə qolunu vuran C.Hüseynov komandasında sürətin çatışmadığını bildirib: "İlk yarıda oyunumuzun alınmadığını deməzdim. 3 qol imkanımız oldu. Viktor Mendi, Bəxtiyar Soltanov və Ekiqo Ehiosun fərqlənə bilərdilər. Amma ümumilikdə komandada sürət çatmırdı. “Qarabağ”la qarşılaşmada daha yaxşı çıxış edib, öz oyunumuzu göstərəcəyik. Doğma azarkeşlərimiz önündə daha baxımlı futbol sərgiləyəcəyik”.

Mövsümdə 10-cu qolunu vuran Hüseynov Premyer Liqanın bombardirləri yarışında 3-cü pillədə qərarlaşıb. Ən məhsuldar futbolçu adına şərik çıxmaq üçün 3 qol vurmalı olan yarımmüdafiəçi klub rekordunu təkrarlamağa da yaxındır. Belə ki, “Qəbələ”də bir mövsümə ən çox qol vuran futbolçu Daniel Subotiç ötən çempionatda 12 dəfə fərqlənmişdi. Hüseynov üçün avrokuboklara yaxın olan "qırmızı-qaralar"ın çempionatı bürünc medalla başa vurması daha vacibdir: 

"Yenə qol vurmağımı dəyişiklikdən sonra mərkəzdə oynamağımla əlaqələndirməzdim. Mənim üçün mərkəzdə və ya cinahda oynamağın fərqi yoxdur. 10-cu qolu vursam da, indidən bombardirlik yarışına qoşulmağım haqda danışmaq tezdir. Hələ 3 qol lazımdır. Əgər növbəti turda “Qarabağ”a da qol vursam, o zaman bombardirlikdən danışmaq olar. Daniel Subotiçə məxsus klub rekorduna da çatmaq, yeniləmək istəyərdim. Amma əsas medallar uğrunda mübarizədir. Avrokuboklara bürünc mükafatçı kimi yollanmağımızı istəyirəm".


Xəbər xətti