AÇIQLAMA Komandaya görə xanımının cehizini satan klub rəsmisi kimdir?

22:00 28 Aprel 2015

“Bakı”nın icraçı direktoru Yaşar Seyidov keçmişdə klubun yaşaması üçün etdiyi fədakarlıqdan danışıb.

 

SportArena.az xəbər verir ki, Seyidov 2000-ci ildə "Bakı"nın xələfi olan "Dinamo"nun ölkə çempionatında iştirakı naminə üzvlük haqqını ödəmək üçün xanımının cehiz gətirdiyi xalçanı satmaq məcburiyyətində qalıb.

 

İllər sonra həmin xalçanı geri qaytarmaq üçün Xalçaçılıq Muzeyinə üz tutan Seyidova deyiblər ki, xalçanı heç 500 min avro qarşılığında da qaytara bilməz.

 

Məsələ ilə bağlı "Futbol+" qəzetinə danışan Seyidov faktı təsdiqləyib: "Həmin illərdə nəinki xalçanı, hətta komandanın yaşaması üçün "Nərimanov" metrosunun yanında olan 3 otaqlı mənzilimi də satmaq məcburiyyətində qaldım. Həmin evi bu gün yenidən almaq istədikdə məndən 200 min dollar istədilər. O ki qaldı xalça məsələsinə, həmin hadisə 2000-ci ildə yaşanıb. "Dinamo"nun çətin vaxtları idi. Komanda pulsuzluqdan əziyyət çəkirdi. Çempionatın startına az qalırdı. Amma üzvlük haqqı ödəməmişdik. Bu problemi aradan qaldırmaq üçün qaynanamın həyat yoldaşıma verdiyi cehizliyi - qədim tarixə malik xalçanı satmaq qərarına gəldim. Açığı, bu ideyanı mənə xanımım verdi. O, görürdü ki, "Dinamo"nun taleyilə bağlı necə iztirab keçirirəm. Xalçanı götürüb, Xalçaçılıq Muzeyinə yollandıq. Mütəxəssislər xalçaya baxıb mənə 20 min manat verdilər. Həmin pulla həm "Dinamo", həm də həmin ərəfədə birinci dəstədə çıxış edən Lənkəran "Şiləvar"ı üçün üzvlük haqqı ödədim. 10 min manat "Dinamo", 7 min manat "Şiləvar" üçün AFFA-nın hesabına pul köçürdüm. Həmin vaxt "Şiləvar"da olan insanların bəzisi indi "Xəzər Lənkəran"da çalışır. İstəsəz, onlardan da soruşa bilərsiz. "Şilavar"a kömək etməyi isə məndən millət vəkili Fazil Mustafa xahiş etmişdi. Fazil bəy onda deputat deyildi. Aramızda dostluq münasibəti var idi. Onunla tez-tez Səttarxan adına zavodun stadionunda bir komandanın tərkibində futbol oynayırdıq. Futbola sevgi səbəbindən məndən belə xahişdə bulunmuşdu. 17 mini üzvlük haqqı üçün ödədim, qalan pula isə demək olar ki, mövsümü yola verdik.

Həmin xalça 14-cü əsrin əl işləməsidi. Səfəvilərin dövrünə aid edilir. Bu haqda mənə muzeydə bildirdilər. Onu da dedilər ki, tarixi eksponat kimi dəyərsizdi. Yoldaşımın ulu babalarından biri Şeyx Şamilin müridlərindən olub. Xalçanı da o əldə edib. Həmin nəslin nümayəndələri Qusar yaxınlığında "Qanlı dərə" deyilən yerdə ermənilərə qarşı da vuruşublar. Xalçanı satmağım qohum-əqrəba arasında da söz-söhbətə səbəb oldu. Çünki çoxlarının o xalçada gözü var idi. Ancaq bizim qismətimizə düşmüşdü. Çox istərdim ki, həmin xalçanı yenidən geri qaytarım və nəsildən-nəslə ötürüm".


Digər xəbərlər

Xəbər xətti