Hafiz Məmmədov üçün ŞOK: Fransada milyonlar itir

22:46 29 Aprel 2015

Fransa 1-ci Liqasında çıxış edən “Lans” klubunun 2-ci Liqaya düşməyi rəsmiləşmək üzrədir.

 

SportArena.az xəbər verir ki, 2014-2015-ci il mövsümündə uğur qazana bilməyən klub 20 komanda arasında sonuncu yeri tutmaqla əsas liqadan kənarlaşır. Düzdür, komandanın hələ 4 matçı qalsa da, klubun uğur qazanacağı inandırıcı deyil. Aprelin 26-da doğma azarkeşlər önündə “Monako”ya 0:3 hesablı biabırçı məğlubiyyət isə düşərgədə psixoloji vəziyyəti daha da pisləşdirib.

 

Hazırda 19-cu yerdə qərarlaşan “Mets” klubu “Lans”dan 4 xal öndədir. Bundan başqa, nəzərə alaq ki, may ayında 4 dəfə meydana çıxmalı olan “Lans” turnirin ən güclü komandaları ilə üz-üzə gələcək. Mayın 3-də “Lill”, 10-da doğma meydanda “Monpelye”, 16-da səfərdə “Nitsa” və son olaraq isə azarkeşlər önündə “Nant”la qarşılaşmalı olan “Lans”ı çətin sınaq gözləyir. Klub bu oyunlardan ən azı ikisindən qələbə ilə ayrılmasa, 1-ci liqadan kənarlaşdırılması rəsmiləşəcək.

 

Vurğulayaq ki, klubda yaşanan maliyyə skandalı, baş məşqçinin açıq-aşkar şikayətlənməsi halqanın getdikcə daralmasına, futbolçuların oyununa birbaşa təsir edib.

 

Klubun sahibi, azərbaycanlı milyarder Hafiz Məmmədov jurnalistlərə verdiyi açıqlamasında klubun dirçələcəyini deyib. Fransa mediası isə “Lans”ın 2015-ci ildən 2016-cı ilə sağ çıxmayacağını, onsuz da kəllə-çarxa çıxan vergilər ucbatından klubun özünə gələ bilməyəcəyini yazır.


Xəbər xətti