YAZI Daş düşüb təpənə...

16:41 30 Aprel 2015

Nə Elxan Məmmədovu tanıyırdıq, nə də Elnur Məmmədovu. Azərbaycan futbolunda Kamran Quliyev adlı birinin varlığından da xəbərsiz idik.

Hardan gəldi bu adamlar?

İşıqlı günə - Azərbaycan futbolunun təpəsinə qaranlıq gecənin bağrını yararaq, birdən-birəmi düşdülər?

Biz kimləri görməmişdik ki, Azərbaycan futbolunda... Fuad Musayev, Fuad Əsədov, Çingiz İsmayılov, rəhmətlik Toğrul Hacıyev, rəhmətlik "Qara polkovnik" - Fətulla Hüseynov, rəhmətlik Ramiz Mirzəyev... Bu adamlar o adamların yanında yox idi. Heç uzaqda - üfüqdə də gözə dəymirdilər.

İnanmışdıq, güvənmişdik. Düşünmüşdük ki, Azərbaycan futbolu yamaqlı paltarın içindən, Azərbaycan futbolçusu "peraşki" satan xalaların, nənələrin tumanının arxasından çıxır. Sevinmişdik ki, Azərbaycan futbolu ləkəli məğlubiyyətlərin altından qaçır, ayağa durur...

Sevinmişdik ki, daha bizi futbol meydanlarında zorlamayacaqlar, səsimiz içimizdə qırılıb qalmayacaq, yekə-yekə hesablarla məğlub olub, şərəf və ləyaqət adı gələndə qulağımıza pambıq tıxamaq məcburiyyətində qalmayacağıq.

"Hər şey bitdi" demişdik. Demişdik ki, daha Azərbaycan futbolu işıqlı günlərə çıxdı. Demişdik, çox şey demişdik.

Hamıya təbəssüm edən Elxan Məmmədov, hər kəsə cavab verməyə çalışan Elnur Məmmədov, əli cibində fırlanan Kamran Quliyev... Bu, "intelligentlər"in, "oxumuşlar"ın, "savadlılar"ın elə pul kimi savad problemi də olan Azərbaycan futboluna gün ağlayacağını düşünmüşdük. Futbolda "A"-dan "Z"-yə heç nəyi bilməyən Rövnəq Abdullayevə, futbola qolçomaq, kolxoz sədri ədasıyla, təfəkkürüylə yanaşan Ramin Musayevə, futbolçuya fahişə kimi baxan Misir Əbilova və daha kimlərə baxanda, onların daha aydın, parlaq fikirli olduğuna inanmışdıq.

Çox inanmışdıq, lap çox.

Daniel Axtyamov adlı bir "dirəy"i gətirib Azərbaycan millisinin ortasına basdırdıqlarında, "bir qəzadı" demişdik. Halbuki, o milliyəti bilinməyən "sarıbaş gədə"nin xalqın şərəfi olan komandaya kimin əliylə, nə üçün gətirildiyini yaxşı bilirdik. Onun kimi neçə-neçə rusun, "xoxol"un, yarıtürk, yarıalmanın da həmçinin.

Ard-arda məğlubiyyətlər sıralananda, milli komanda milli bəlaya çevriləndə bu adamlar haqda "hələ təzədilər, bağışlamaq olar" kimi axmaq düşüncələrə vermişdik beynimizi.

Sonra... Berti Foqts adlı cinayətləri də bağışlandı. Sanki heç nə olmamış kimi. Sanki itirilən 6 il yox, 6 həftə, 6 gün imiş kimi. Sanki milyonlarla manat vəsait "alman layihəsi" adı altında onların ciblərinə getməmiş kimi.

İndi isə... Azərbaycanın bütün yaş qrupları üzrə milli komandaları kimi ölkənin bütün klubları da bir-bir bu adamların nəzarətinə keçir, obyektinə çevrilir.

"Neftçi" xalqın komandasıdı? Bunu deyərkən çiyninizin üzərindən çevrilib, qulağınızın arxasını görmək kimi axmaq bir cəhddə bulunun. Görə bilsəz, onda doğrudan da "Neftçi" xalqın komandasıdı.

Bəs Sumqayıt camaatı necə, onlar doğrudanmı "Sumqayıt"ı öz komandaları sayır, sevir? Ah, yazıq, zavallı sumqayıtlı azarkeşlər...

Bəs Gəncə? Küçədə oturub pul dilənən şikəstin qabağına atılan qəpik-quruşlar kimi qabağına qəpik-quruş tökülən "Kəpəz"i gəncəlilər öz komandaları sayır? Bu komanda Elxan Məmmədovun "obyekt"i deyilmi, əziz gəncəlilər? Sizin şəhərinizdə icarə haqqı vermədən işlətdiyi "obyekt".

Bu gün "Bakı" uğrunda mübarizə gedir. Hafiz Məmmədovdan almağa çalışır "Bakı"nı Elşad Nəsirovla Elxan Məmmədov. Sabah o mübarizə "Xəzər Lənkəran" uğrunda aparılacaq, sonra "Qarabağ"... Davam edəcək. Bu adamların gözü doymayacaq. İyrəndirəcəklər, bezdirəcəklər, uzaqlaşdıracaqlar klublara sponsorluq edən tək-tük qalan iş adamlarını. Sonra öz "obyektlər"inə çevirib, öz adamlarını ora qoyacaqlar. "Sumqayıt"a Kamran Quliyevi, "Neftçi"yə Çingiz Abdullayevi "kassir" qoyduqları kimi. Hələ birinci diviziondakı xırda "obyektlər"i demirəm.

Onlar Azərbaycan futbolunun gün düşən, işıq düşən təpəsinə qaranlıq gecənin içindən çıxıb düşənlərdi. Onlar Azərbaycan futbolunun təpəsinə düşən daşlardı həm də. Daş düşüb təpənə, Azərbaycan futbolu, kimlərin əlində qaldın...komanda.az


Xəbər xətti