Stepan Matveyev: "Futbolçunun milliyyəti önəmli deyil”

22:14 1 May 2015

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun köməkçisi Stepan Matveyev maraqlı açıqlamalar verib.
 
 
SportArena.az xəbər verir ki, Matveyev məşqçilik fəaliyyətindən öncə vətənində “MOİK-Borisfen” (Kiyev), MOİK (Kiyev), “Prikarpatye” (İvano-Frankovsk), “Volın” (Lutsk), “Tısmenitsa”, “Torpedo” (Zaporojye), “İOEUGİM-Metallurq” (Zaporojye), “Çernoqora” (İvano-Frankovsk), “Borisfen-2” (Borispol) və “Avropa”da (Priluki) klublarında çıxış edib. O, 2011-ci ilin yayından, əvvəlki komandası “Çernomorets”in Ukrayna Premyer Liqasına qayıdışından sonra Qriqorçukla birgə çalışır.

Qəbələdə doğma Lvovu xatırladı

3 aydan çoxdu “Qəbələ”yə bağlı olan ukraynalı mütəxəssis üçün Azərbaycan yeni məkan olsa da, klubda yaradılan şərait onun yeni mühitə öyrəşməsini asanlaşdırıb: “Əlbəttə ki, vətən, ev üçün darıxıram. Həyatımda ilk dəfədi xaricdə işləsəm də, adaptasiya ilə bağlı problem yaşamadım. Çünki futbolun dili eynidi. Qəbələnin gözəl mənzərəsi, təbiəti mənə doğma Lvovu xatırladı. Üstəlik, “Qəbələ”də yaradılan şərait yeni komandaya öyrəşməyimi asanlaşdırdı”.

Məşqçi həmkarı Savkadan fərqli olaraq Matveyev SSRİ dönəmində ölkəmizdə olub. Hərbi dəniz donanmasının idman bölüyündə xidmət edən həmsöhbətim həmin dövrü belə xatırlayır: “1988-ci ilin avqustunda Bakıda SSRİ Hərbi Qüvvələrinin çempionatı keçirilirdi. Bizim zonanın oyunları paytaxtınızda, indiki Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda təşkil olunurdu. Həmin vaxt Bakıda ictimai-siyasi vəziyyət gərgin olsa da, burada xoş münasibət gördük. Azərbaycanlıların qonaqpərvərliyi o vaxtdan yaxşı yadımda qalıb”.

47 yaşlı mütəxəssis “Qəbələ”də işlədikləri müddətdə komandada yaxşılığa doğru ciddi dəyişikliyin olduğunu deyir. Onun sözlərinə görə, bu, ilk növbədə, komanda oyununun təşkilində hiss olunur: “Futbolçular tələblərimizi yaxşı başa düşürlər. Artıq məşq prosesinə tam başqa yanaşma var. Eyni zamanda görürük ki, oyun üslubumuz futbolçuların ürəyincədir. Onlar yaxşı anlayırlar ki, artıq əvvəlki futbolçu deyillər. Əlbəttə, görüləsi işlər hələ çoxdu. Heç bir şey futbolçunu işindən ayırmamalıdı. Onların bütün diqqəti futbola yönəlməli, işə daha peşəkar yanaşmalıdırlar. Futbolda vacib məsələlərdən biri hücumda oyunun təşkilidir ki, hər məşqdə buna xüsusi diqqət yetiririk. Aydın məsələdir ki, dağıtmaq asan, yaratmaq isə çətindir. Təəssüf ki, çox qol vəziyyəti yaratsan da, az istifadə edirsən. Bu isə, ilk növbədə, futbolçunun ustalıq səviyyəsi ilə bağlıdı. Qriqorçuk “Çernomorets”də gördüyü işi “Qəbələ”də davam etdirir. Əsas məqsəd yüksək nəticə qazana bilən güclü komanda formalaşdırmaqdı”.

Milliyyət önəmli deyil

Stepan Alekseyeviç “Çernomorets”də də birgə çalışdıqları futbolçular – Dmitri Bezotosnı, Mixail Sivakov, Aleksey Qay və Ruslan Fominə böyük ümidlər bəslədiklərini söyləyib. O, “Qəbələ” ilə yanaşı, yığmamız üçün də çalışdıqlarını unutmadıqlarını deyir: “Futbolçunun milliyyəti önəmli deyil. Hamımız ümumi işə xidmət edirik. Hazırda kim güclüdürsə, o da oynayır. “Qəbələ”yə gətirdiklərimiz yaxşı tanıdığımız futbolçulardır. Deməzdim, azərbaycanlı futbolçular gəlmələrdən geri qalırlar. Bizdə çox mehriban kollektiv var, futbolçular bir-birilərinə dəstək olurlar. Uyğunlaşma məsələsində yerli futbolçuların gəlmələrə kömək etməsi həmişə müsbət nəticə verir. Bunu “Qəbələ” də gördük. Vaxt gələcək, komandamızdan Azərbaycan millisinə 2 yox, daha çox – 4-5 futbolçu cəlb olunacaq. Əlbəttə, bunun üçün “Qəbələ”də daha yuxarı yerlərdə olmalıdır. Futbolçular yüksək vəzifəni yerinə yetirmək bacarığında olduqlarını artıq yaxşı bilirlər. Qarşıya qoyulan məqsədə çatmaq istəyiriksə, matçdan-matça inkişaf etməliyik. Bu komanda ilə istəyimizə nail olmaq mümkündür”.

“Qriqorçuka “çox sağ ol” deyirəm”

“Qəbələ”nin məşqçisi çempionatımızın səviyyəsinin aşağı olması ilə bağlı düşüncələrində yanıldığını da gizlətmədi: “Görürəm, ciddi rəqiblər var. Hətta aşağı pillələrdə gedən komandalar liderlərə çətin anlar yaşadır. Bir sözlə, yetərincə səviyyəli komandalarla mübarizə aparırıq. Martda, çempionatda yaranan fasilə zamanı vətənimdə olarkən “Qəbələ” klubu və futbolunuz haqda məndən çox şey soruşdular. Burada gördüyüm şərait və infrastruktur barədə geniş məlumat verdim. “Qarabağ”ın “Dnepr”lə Avroliqanın qrupunda başabaş mübarizəsi vətənimdə böyük əks-səda doğurub”.

Matveyev futbolçu karyerasında Qriqorçukla komanda yoldaşı olmasa da, mübarizə meydanında vaxtaşırı üz-üzə gəliblər. Hərçənd, onlar “Prikarpatye” də bir yerdə də oynaya bilərdilər: “Mən “Prikarpatye”yə gələndə Qriqorçuk komandadan yenicə getmişdi. Meydanda çox üz-üzə gəlmişik. O, hücumçu idi, mən isə hücumameylli yarımmüdafiəçi. Qriqorçuk güclü forvard olub, legioner həyatı yaşayıb. Onun tərifə ehtiyacı yoxdur. Ancaq onu deyim ki, çox dürüst insan, əsl peşəkardır. Qriqorçukla birgə çalışmaq mənə nəsib olduğuna görə, çox xoşbəxtəm. Roman İosifoviçlə işləmək çox maraqlıdır. O, daim köməkçilərini dəyərləndirir, fikirlərini nəzərə alır ki, buna görə ona “çoxsağ ol” deyirəm.
"Qəbələ" qəzeti


Digər xəbərlər

Xəbər xətti