BÖYÜK PLAN: “Neftçi”nin futbolçularının milliyə çağırılmamasının sirri

14:02 4 May 2015

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Neftçi”nin futbolçularını milliyə dəvət etməməklə geniş müzakirələrə rəvac verdi.

 

 

Prosineçkinin məsələylə bağlı verdiyi “Neftçi”nin futbolçuları hazır deyillər” izahı da olduqca qeyri-ciddi görünürdü. Çünki Prosineçki 14 tur qələbə üzünə həsrət qalan, çempionatın autsayderi olan “Sumqayıt”dan milliyə bir neçə futbolçu dəvət etmişdi.

Xorvat mütəxəssisin bu addımını anlaşılmaz edən daha bir məqam da var. “Neftçi”dəki kadr dəyişikliyini nəzərdə tuturuq. “Ağ-qaralar” faktiki olaraq AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarətinə keçib. Milliyə çağırılan futbolçuların siyahısını Prosineçkinin yox, Elxan Məmmədovun hazırladığı da hər kəsə bəllidi. Belə olan təqdirdə, baş katib nəzarətində olan klubdan milliyə niyə futbolçu dəvət etməsin ki? Axı bu addım onun özünə qarşı yönəlmiş olar.

Saytımızın əməkdaşları bu məsələylə bağlı maraqlı məlumat əldə edib. AFFA-dakı mənbənin saytımıza verdiyi məlumata görə, “Neftçi”dən milliyə futbolçu dəvət edilməməsi yay transfer dönəminə hesablanıb. Elxan Məmmədovun Azərbaycan futbolunda oyunçu keçidlərinə nəzarət edən transfer “mafiya”larından birinə başçılıq etdiyi hər kəsə məlumdu.

Baş katib yayda “Neftçi”dən xeyli futbolçunu göndərmək niyyətindədi. Yerli futbolçular milliyə dəvət alacağı təqdirdə, onların komandadan göndərilməsi böyük ajiotaj yaradardı. Millinin üzvlərinin “Neftçi”dən qovulması baş katibin tənqidlə üzləşməsinə səbəb olardı. Bunu nəzərə alan Məmmədov işini ehtiyatlı tutub. “Neftçi”dən heç bir futbolçunu milliyə dəvət etməməklə “onlar yığmada oynamağa layiq deyillər” görüntüsü yaratmaq planlaşdırılır. Yayda bu futbolçuları komandadan göndərərkən məhz bu amil qabardılacaq, “Neftçi”yə daha səviyyəli futbolçular lazımdı” deyiləcək.

Mənbə bildirir ki, “Neftçi”dən göndəriləcək yerli futbolçuların siyahısı demək olar ki, hazırdı. Bu siyahıda Elvin Yunuszadə, Araz Abdullayev, Emin Mehdiyev, Mirhüseyn Seyidovun adının olacağı dəqiqdi.

Elxan Məmmədov bu futbolçuları “Sadıq Sadıqovun uşaqları” adlandırır. Mənbə bildirir ki, “Neftçi”yə gətiriləcək futbolçular da bəllidi. “Sumqayıt”ın bir neçə futbolçusu yayda “ağ-qara” formanı geyinəcək. Baş katibin transfer siyahısında olan bir neçə əcnəbi futbolçunun milliləşdiriləcəyi və “Neftçi”yə transfer ediləcəyi də bildirilir. komanda.az


Digər xəbərlər

Xəbər xətti