YAZI Heç yerdə hüzur tapa bilməyən, xoş xasiyyətli Mirça Rednik

19:03 6 May 2015

Pul dalınca ölkəmizə gələn əcnəbi mütəxəssislərin əksəriyyəti buraları “əli ətəyindən uzun” tərk edib. Səhv başa düşməyin, hamısı qəpiyinə qədər pullarını alıb. Sadəcə, çoxu burada bir məşqçi kimi heç bir nəticə qazana bilməyib.

 

Bir vaxtlar “Xəzər Lənkəran”ı çalışdırmış Mirça Rednik isə elələrindən olmayıb. O, gördüyü işlə Azərbaycan futbolunda ad qoyub. O vaxtlar Ramin Musayev hakimlərin əliylə insafsızcasına “Xəzər Lənkəran”ı “baltalamasaydı”, Mirça Rednik ölkə kuboku ilə yanaşı, çempionluq kubokunu da başı üzərində qaldırmalıydı. Rumıniyalı mütəxəssis növbəti mövsümə də yaxşı köklənmişdi. “Xəzər Lənkəran” 1-ci dövrənin gedişində izləyicilərindən xeyli aralanmışdı da… Amma sonradan klubdaxili qalmaqallar onun Lənkərandakı karyerasını sona gətirdi.   

 

O, savadlı mütəxəssis olmağıyla yanaşı, həm də xoş xasiyyətli insan kimi Lənkəran əhlinin qəlbində yer eləmişdi özünə. Onun xadimələrə, personal işçilərinə pul verməsi çox qabardıldı o vaxtlar. Əslində, bunun çox sadə izahı vardı. Bəzi ölkələrdə belə ənənə var ki, məşqçi öz qazancından işçi personalına da pul verir. Yəqin, Rednik də, belə görüb, götürmüşdü ustadlarından. Bu, onun qüsuru yox, mədəniyyətiydi.  

 

Burdan gedəndən sonra Rednik ölkəsində və Belçikada bir neçə klub çalışdırdı. Və demək olar ki, heç birində 1 mövsümdən artıq işləmədi. Elə Azərbaycana gələnə dəqər də karyerasında 1 ildən çox işlədiyi klub olmamışdı. Maraqlı statistikadı, deyilmi?

 

Bu mövsüm klublarımızın Antalya toplanışı çərçivəsində “Neftçi” Rednikin çalışdırdığı “Petrolul” klubu ilə görüşürdü. Oyundan sonra Redniklə söhbət etmək imkanım oldu. Mənim üçün çox maraqlı olan sualı ona verdim. Axı, niyə Rednik heç bir klubda uzun müddət çalışa bilmir? Onun cavabı belə oldu:

 

“Mən iddialı adamam, olduğum hər yerdə də nəticə qazanmağa çalışıram. Görəndə ki, klub mənim iddialarıma cavab vermir, vaxt itirmədən oranı tərk edirəm”.

 

Ötən gün Mirça Rednik yenə istefa verib və yenə qəribə vəziyyətdə. “Petrolul” son vaxtlar pis nəticələrlə üzləşirdi, son turda  çempionatın açıq-aşkar autsayderi olan “Otelul”u da məğlub eləyə bilmədi. Ancaq buna baxmayaraq, onun komandası sona bir neçə tur qalmış Avroliqaya vəsiqə verən 3-cü pillədə qərarlaşıb. İstənilən halda mövsümü bitirmək lazım idi. Amma Rednik yenə getdi..

Emin ABBASOV


Digər xəbərlər

Xəbər xətti