"Bakı-2015": Məşəl Zərdabdan Tərtərə aparıldı

23:22 12 May 2015

Avropa Oyunlarının məşəli Ağdam rayonundan sonra bu gün Zərdab rayonuna gətirilib.

 

SportArena.az xəbər verir ki, məşəli Oyunların rəmzi qapısında - Bayraq Meydanında rayonun fəal gənclərindən olan Bəxtiyar Əliyev qəbul edib.

Ardınca məşəlçilərin yürüşünə start verilib. Bakı-2015-in rəmzini daşımaq üçün 10 gənc estafetə qoşulub və onlar məşəli bir-birinə ötürməklə, 3,5 km məsafədə daşıyıblar. Məşəlin qarşılanma mərasimi Heydər Əliyev parkında tamamlanıb.
 
Sonra məşəli karate üzrə dünya və Avropa çempionu Nərmin Camalzadə qəbul edərək, parkda quraşdırılmış səhnəyə qalxıb və çırağı alovlandırıb. Daha sonra yarışın simvolu sayılan çırağı rayon sakini Gülər Məmmədova Heydər Əliyev mərkəzinə təhvil verib. Bakı-2015-in rəmzi olan Avropa Oyunları bitənə kimi mərkəzdə saxlanılacaq.
 
Məşəlçilər, həmçinin Həsən bəy Zərdabinin ev-muzeyində, Qələbə və Dədə Qorqud meydanında olub, Kür çayında gəzintiyə çıxıblar.

 Zərdab rayonundan sonra məşəl Tərtər rayonuna yola düşüb.


Xəbər xətti