Rəşad Sadıqov: "Çox problemlərimiz var idi"

09:44 18 May 2015

"Hər bir futbolçumuzu, rəhbərliyi və məşqçilər korpusunu təbrik edirəm. Bütün "Qarabağ" sevərləri təbrik edirəm. Şükürlər olsun ki, yekunda çempion ola bildik". SportArena.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının qalibi olmalarını şərh edərkən deyib.



"Qarabağ"ın çempionluğu XXXIV turda "Sumqayıt" üzərində 1:0 hesablı qələbə və "İnter"in "Qəbələ" ilə 1:1 hesablı heç-heçəsindən sonra rəsmiləşib. Sadıqov komandası üçün ardıcıl ikinci mövsüm qazanılan çempionluğun çox çətinlikliklə başa gəldiyini bildirib: "Həm oyun, həm də zədəlilər baxımından çox problemlərimiz vardı. Avropa Liqasındakı oyunlarımızla da əlaqədar yorğunluq müşahidə olunurdu. Üstəlik, milliyə çağırılanlar olurdu. Uşaqlar son günlər çox əziyyət çəkirdilər. Dişimizi sıxdıq. Məşqçilərimiz xarakter göstərməli olduğumuzu dedilər. Günü-gündən çempionat ağırlaşırdı. Bu çempionluq bizə ağır başa gəldi".

33 yaşlı müdafiəçi bugünkü uğurlarına görə "Qəbələ" klubuna da minnətdarlıq edib: "Qəbələ"yə də təşəkkür düşür. "İnter" ilə heç-heçə oynadılar. Yoxsa son oyun final matçı olacaqdı. O da bizim üçün çox ağır olacaqdı. Çünki "İnter" çox yaxşı çıxış edir. Mən iki matçı izlədim. "İnter" "Qəbələ" ilə matçda da çox yaxşı oynadı. Şükürlər olsun ki, biz çempion olduq. Bu tur çempion olmağa ehtiyacımız vardı. Gələn oyuna qalsa bizə çətin olacaqdı".

Sonda Sadıqov Kubokun final oyunu haqda da fikirlərini bölüşüb: "Mən fikirləşirəm ki. finalın favoriti "Neftçi"dir. Nə qədər desələr də son dönəmdə "Neftçi"də problem var, bu komanda kubokun finalında oynayıb. 3 dəfə finalda oynayıb, 2 dəfə kuboku qazanıb. Bizdən daha təcrübəlidilər. Həm də onlar daha motivasiyalı olacaqlar. Mövsümü bitirmək üçün qələbə qazanmalıdırlar. Əsas odur ki, azarkeşlər maraqlı oyun izləyəcəklər".

Qeyd edək ki, Premyer Liqanın sonuna 2 tur qalmış "Qarabağ"dan 8 xal geri qalan "İnter" vitse-çempion olub. 3-cü yerin taleyi isə son 2 turda həll olunacaq.


Digər xəbərlər

Xəbər xətti