YAZI "Eliko"nun azadlığı, Orxanın ayağı...

13:02 18 May 2015

Çoxdandı ki, xoş xəbərin sorağındaydıq. “Futbol məhbusları”nın azadlığa çıxacağı günü gözləyirdik. Ötən həftə gözlədiyimiz xəbər eşidildi: Lənkərandakı “Böyük oyun”da həbs olunanlardan sonuncusu – “Eliko” ləqəbli Elman Tağıyev də azadlığına qovuşdu.

 


Əslində, Elikonun günahsız yerə düşdüyü həbsxanadan buraxılmasına yazı həsr etməyim bir qədər gecikmiş görünür. Şənbə günü “Bakcell Arena”da baş verənlər başqa çıxış yolu qoymadı. “Qarabağ”ın “Sumqayıt”ı yenib, çempionluğu rəsmiləşdirdiyi oyundan sonra yaşananlar polis – azarkeş münasibətləri mövzusunu yenidən aktuallaşdırdı. 


Artıq baş verənlərdən xəbəriniz var. Zəfər sevincini futbolçularla birlikdə qeyd etmək istəyən azarkeşlər polisin təzyiqinə məruz qalıb, nəticədə tribunadan yıxılan Orxan Salahlı adlı azarkeşin ayağı sınıb. Artıq neçənci dəfədi? Sayını itirmişik. Bir şey dəqiqdi ki, bu da sonuncu deyil. Polisimiz lənkəranlı fanatları döyə-döyə Azərbaycan futbolundan iyrəndirdi. Daha “Fırtınalar meydanı”nda əvvəlki kimi qələbəlik yaşanmır. “Xəzər Lənkəran səfər oyunlarında da əvvəlki kimi dəstəklənmir. Çünki heç kim futbola baxmağa getdiyi stadionda həbs olunmayacağından, döyülməyəcəyindən, təhqirə məruz qalmayacağından əmin deyil. Dünyanın hər yerində futbol meydanlarında iğtişaşlar yaşanır, azarkeşlərlə polislər üz-üzə dayanır. Hətta döyülənlər və həbs edilənlər də olur. Amma heç bir ölkədə bizdəki kimi futbolsevərləri günahsız yerə döymürlər, həbsxanaya atmırlar. 

 

Azərbaycanda futbol azarkeşi köməksizdi, arxasızdı. Onları müdafiə edən, hüquqlarını qoruyan kimsə yoxdu. Klub rəsmiləri stadionların boş qaldığından, Premyer-Liqanın qarşılaşmalarına azarkeş marağının olmamasından narazılıq edəndə bu məqamı mütləq nəzərə almalıdılar. Azyaşlı uşaqlara dönərlə ayran paylamaq, səfər oyunlarına getmək üçün avtobus kirayələmək yetərli deyil. “Neftçi” rəhbərliyi AFFA-nın tikdirdiyi “Bakcell Arena”ya ekskursiyalar keçirir, adını da “Stadium Tour” qoyublar. Bir klub özünün olmayan stadionun nəyi ilə öyünə bilər? Sıravi azarkeş üçün futbolçuların paltarlarını harda dəyişdirdiyi, VİP qonaqların kababı hansı boşqabda yediyi, çaxırı hansı stəkanda içdiyi heç bir önəm daşımır. Övladını stadiona göndərən valideyin onun qarşılaşma bitəndən sonra sağ-salamat evə dönəcəyindən əmin olmalıdı. Dəfələrlə mətbuat nümayəndələri belə, əlində vəsiqəsi ola-ola polisin təzyiqi, aşağılayıcı davranışıyla üzləşib. Demək olar ki, mərkəzi qarşılaşmaların hamısında bu cür hallar təkrarlanır. Polis azarkeşlərlə kobud davranır, onların hərəkətləri məhdudlaşdırılır, “sözə baxmayanlar” isə şöbəyə aparılır. 

 

Bütün bu problemləri ən yüksək səviyyədə nə vaxt müzakirə olunacaq? Ən azından Klublar Komitəsində əyləşən hörmətli başbilənlər hüquq-mühafizə orqanlarıyla iş aparmalı, asayiş keşikçilərinin səlahiyyətləri və azarkeşlərin hüquqları konkret olaraq müəyyənləşdirilməlidi. Əks halda tribunadan qaçaq düşən fanatları geri qaytarmaq, ölkə stadionlarının miskin görkəmini dəyişdirmək mümkün olmayacaq. Unutmayın ki, məmləkətdə Eliko kimi azadlığını, Orxan kimi ayağını Azərbaycanın adı yerlərdə sürünən futboluna qurban verməyə hazır olanların sayı elə də çox deyil.rekord.az


Xəbər xətti