“Neftçi”nin Müşahidə, yoxsa müharibə Şurası?

16:09 18 May 2015

Ay yarımdan çoxdur ki, “Neftçi" klubunda Müşahidə Şurası fəaliyyətə başlayıb. Yaxud belə deyək, 2 həftədən sonra “Neftçi"də Müşahidə Şurasının fəaliyyətə başlamasının 2 ayı tamam olacaq. Şuranın yaradılması müxtəlif söz-söhbətlərə yol açdı və bununla bağlı müzakirələr hələ də davam etməkdədir. Bizdə adətən hər şey kağız üzərində yaxşı olur. Amma əməldə tam əksini görürük. “Neftçi"nin Müşahidə Şurası və onun fəaliyyəti isə nə kağızın üzərində yaxşıdır, nə də kağızdan kənarda. Öncədən də bilinirdi ki, bütün bunlar AFFA-nın baş katibi Elxan Məmmədovun Azərbaycan futbolunun “işğal"ı yolunda daha bir mühüm “postu" ələ keçirməsi ilə nəticələnəcək planın bir hissəsidir. Baş katib öncədən kluba öz adamı olan Elnur Məmmədovu yerləşdirmişdi.  Martın 31-də isə klubu bütünlüklə “işğal" etdi və Nobel prospektindəki “paytaxt"da öz hökmranlığını elan elədi. “Müharibə" qurtarsa da, “döyüşlər" davam edir. Elxan Məmmədov Sadıq Sadıqovla “müharibə"dən qalib çıxdı. İndi isə onun “əsgəri" Elnur Məmmədov əvvəlki prezidentə yaxın insanları, futbolçuları bir-bir “Neftçi"dən təmizləməklə məşğuldur. Bu haqda bir qədər sonra danışacağıq. Əvvəlcə geridə qalan ay yarımlıq müddətdə Çingiz Abdulayevin rəhbər olduğu şuranın fəaliyyətinə nəzər salaq. Görək Sadıq Sadıqovun bacarmadığı hansı yenilikləri ediblər ki, həmin yeniliklər də inkişafa təkan verib.

 

Siqnal

Gözləndildiyi kimi, ilk vaxtlar şuranın sədri Çingiz Abdullayev, eləcə də şuranın üzvü Bəhram Bağırzadə tez-tez jurnalistlər önünə çıxıb hər şeyin yaxşı olacağını, “Neftçi"nin Avropada uğur qazanması yolunda böyük planlarının varlığından danışırdılar. Ancaq hər kəlmələrindən onların futbol idarəçiliyindən nə qədər uzaq olduqları üzə çıxdı. Abdullayevin sədr seçilər-seçilməz AFFA-dan 65 000-lik Olimpiya stadionunu istəməsinin özü mətləbdən xəbər verir. Deməli, bu adamın xəbəri yoxdur ki, “Neftçi" heç 11 000-lik “Bakcel Arena"nın yarısını azarkeşlə doldura bilmir. Bundan başqa, tez-tez “mən futbol adamı deyiləm, ona görə də peşəkarlarla məsləhətləşəcəm", deyirdi. Bütün bunlar isə gələcək uğursuzluqlara siqnal sayılırdı. Müşahidə Şurasında peşəkar kimdir ki, Abdullayev onunla məsləhətləşə? Bəhram Bağırzadə şoumen, digərləri SOCAR-ın nümayəndələridir. İki nəfər futbol veteran var ki, onlara da qulaq asan, fikirlərini öyrənən kimdir? Sadıq Sadıqova gəlincə, ondan da məsləhət almaq olmaz. Çünki, aparılan mübarizə elə onun özünə qarşıdır.

 

Futbol “KVN" deyil

Bəhram Bağırzadə deyirdi ki, azarkeşləri tribunalara toplamaq üçün xüsusi planım var və qısa zamanda hamınız faydasını görəcəksiniz. 1-2 oyun çıxdı pulsuz bilet payladı, şərf, mayka verdi, elə bildi ki, hər şey bununla düzələcək. Neçə oyundu artıq nə Bəhram gözə dəyir, nə də onu planları. Tribunalar isə yenə bom-boşdur. Görünür, Bağırzadə də başa düşüb ki, futbol təsərrüfatında idarəçilik heç də kənaradan onun gördüyü qədər asan deyil. Yeni gələndə hər kəlməsində “KVN"i, orada qazanılan uğurları misal çəkirdi. Bu, “KVN" deyil ay Bəhram! “KVN"də 2000 adamı zala problemsiz toplaya bilərsən. Futbolun auditoriyası, futbola yanaşma tamam başqadır. Burada azarkeş toplamaq böyük, özü də peşəkar iş tələb edir. Bu gün kiməsə şərf, forma paylaya bilərsən və həmin azyaşlılar bunun xətrinə bir dəfə stadiona  gəlib 5-10 dəqiqə çığır-bağır sala bilərlər. Amma növbəti oyunda gəlməyəcəklər.

 

Maaşınızı alın, səsiniz çıxmasın!

Az öncə qeyd etdiyimiz kimi, şuranın digər üzvlərinin fəaliyyətindən isə heç danışmağa dəyməz. Onları sadəcə, say tərkibini doldurmaq üçün buraya daxil ediblər. Mübariz Zeynalov və Səməd Qurbanov kimi veteranlar indiyə kimi ağızlarına su alıb dayanıblarsa, bundan sonra nə danışacaqlar? Maaşlarını alıb yenə susacaqlar, “yuxarı"dan da hansı təklif gəlsə, onun xeyrinə əl qaldıracaqlar. Təki hər şey Elxan Məmmədovun, Elnur Məmmədovun istədiyi kimi getsin. Nə Zeynalov bundan sonra gedib haradasa məşqçi işləyəndir, nə də Qurbanov. Onsuz da bu şuranı yaratmağın məqsədi Sadıq Sadıqovu postundan uzaqlaşdırmaq idi. “Axırıncı aşırım" filmində Kərbəlayı İsmayılın sözü olmasın “guya bilmirik bu kolxoz oyununu niyə atıblar ortaya?". Hədəf Sadıqov idi. O da artıq “Neftçi"də yoxdur. Müşahidə Şurasının üzvü kimi adı getsə də, hər kəs bilir ki, bu, müvəqqətidir. Mövsüm başa çatan kimi, sabiq prezidentin klubdan birdəfəlik gedəcəyi gözlənilir. Onunla bərabər kadrları ilə də mübarizə adı altında müharibə davam edir.

 

Köhnələrə qənim kəsilən yenilik

Yəqin ki, klubda baş verən son istefalardan, gedişlərdən xəbərdarsınız. Sadıqovun adamlarının göndərilməsi prosesi indi də davam etməkdədir.  Yeniliklər hələ ki, köhnələrin göndərilməsi ilə bağlıdır. Bir ara klubun loqosunu dəyişmək fikrinə düşdülər, amma görünür ictimaiyyət və media tərəfindən böyük təzyiq gördüklərindən bu fikirlərindən əl çəkdilər. Klubun bu qədər problem ola-ola yeni rəhbərlik gedib loqodan yapışır, məktəb uşaqları ilə görüşüb forma paylayır, onları stadiona dəvət edir, özlərindən yeni departamentlər yaradıb yeni ştatlar açırlar və s. Daha demirlər ki, loqodan çox-çox vacib problem komandanın oyun nizam-intizamını, oyun keyfiyyətini yaxşılaşdırmaqdır. Məktəb variantını Sadıq Sadıqov bir-neçə il bundan qabaq eləmişdi və heç bir effekt verməmişdi. Sabiq prezident özü də bunu etiraf eləmişdi. Yenə deyirik, peşəkar, sağlam, baxımlı oyun oynayan komanda olsa, azarkeş də stadionlara gələcək. Hazırkı rəhbərlik bunları etməkdən Sadıq Sadıqovun “adamları"nı qaralayıb onları klubdan göndərməklə məşğuldur. Mühafizə xidmətindən tutmuş, futbolçuya qədər. Elnur Məmmədov Elxan Məmmədovun dəstəyi və tövsiyyəsi ilə gündə bir ştat açır, gündə bir kadr dəyişikliyi edir. Yenilik deyəndə bunları nəzərdə tuturdunuz? Bacarığınız, bildiyiniz varsa konkret iş görün. Yenilik xatirinə yenilik kimə lazımdır.  Görün, komandanız nə gündədir. Siz gələnə qədər çempionluq şansını saxlayan  “Neftçi" artıq 3-cü pilləni də əldən verib. “Simurq"un durumu bərbad olmasaydı, bilmək olmazdı, bəlkə elə onlar da sizi turnir cədvəlində keçəcəkdilər. Bu gedişlə “Neftçi" uçuruma gedir. O boyda klub göz görə-görə dağıdılır.  Hanı bu şuranın gördüyü işlərin nəticəsi?

 

Əcnəbi sevgisi

Çingiz Abdullayev şuraya sədr seçiləndə demişdi ki, kim nizam-intizamı pozsa, özünü apara bilməsə, rədd olub gedəcək. Elə beləcə də demişdi - “rədd olub gedəcək". Amma məhz yeni rəhbərliyin gəlişindən sonra keçirilən 7 tur ərzində klubun 4 futbolçusu qırmızı vərəqə alaraq meydançadan qovulub (Vobay “Simurq"la, Kardoso “Qarabağ"la, Kanales “Sumqayıt"la, Mirhüseyn Seyidov isə “İnter"lə oyunda - red.). 7 tura 4 qırmızı vərəqə bilirsiniz nə deməkdir? Özü də “Neftçi" kimi komanda üçün. Bu onu göstərir ki, klubda hərc-mərclikdir. Maraqlıdır ki, qırmızı vərəqə alan  futbolçulardan üçü legionerdi. Və o da daha maraqlıdır ki, həmin legionerlər cəzasız qaldıqları halda qırmızı vərəqə alan tək yerli futbolçu olan Mirhüseyn Seyidov klubdan göndərilir. Bu qərarın özü də Sadıqova qarşı aparılan “müharibə"nin tərkib hissəsidir. Çünki Seyidov Sadıqovun adamdı, onun yerlisidir. Necə olur, Vobay gedib Zaqatalada millətə cinsiyyət orqanını göstərir, amma ona gözün üstə qaşın var deyən tapılmır, Mirhüseyni isə mübahisəli bir epizoda görə komandadan kənarlaşdırırlar? “İnter"lə oyunda “Neftçi"nin iki futbolçusu penaltini vura bilmədi. Amma həmin futbolçulardan legioner olan Nfora güldən ağır söz deyilmədi. Əvəzində yerli olan Rauf Əliyev heyətdən kənarlaşdırdı. Niyə, hansı səbəbə?

Bu məsələdə diqqətimizi çəkən bir məsələ də var - Rauf Əliyev, Elvin Yunuszadə və Mirhüseyn Seyidovun əsas heyətdən uzaqlaşdırılması və transferə çıxardılması haqda qərarın qəbul olunduğu iclasda Sadıq Sadıqov iştirak etməyib. Bunun özü bizim haqqında söz açdığımız “müharibə" məsələsinin boş söz olmadığını sübut edir.

Deyilənlərə inansaq, Robert Prosineçkinin “Neftçi"dən yığmaya futbolçu cəlb etməməsi də Məmmədov - Sadıqov qarşıdurmasının tərkib hissəsidir. Yəni, Məmmədov Prosineçkiyə tapşırır ki, “Neftçi"dən yığmaya futbolçu çağırma və de ki, bu klubda millidə oynamağa layiq futbolçu yoxdur. Bununla da Sadıq Sadıqova mesaj göndərilsin ki, sənin qurduğun komanda budur, bir nəfər də olsun yığmaya layiq futbolçu yoxdur.

 

Xoş gəldin, Gede dövrü

Bunları deməklə biz özümüzdən Amerika kəşf etmiş olmuruq. Kor-kor, gör-gör, hər şey ortadadır. Müşahidə Şurası təşkil olunandan və fəaliyyətə başlayandan bu yana ancaq Sadıq Sadıqova qarşı aparılan mübarizə ilə diqqət çəkir. Diqqətlər komandaya yönəldilsəydi, “Neftçi" “Qəbələ"ni də özündən irəli buraxıb 4-cü pilləyə düşməzdi. Güman ki, bu gedişlə “Neftçi" Yurgen Gedenin dönəmindəki “Neftçi"yə çevriləcək. Xalqa, “Neftçi"sevərlərə yox, bir qrup insanın şəxsi marağına xidmət edən bir komandaya.

 “Het-trik news” qəzeti


Xəbər xətti