Fariz Nəcəfov: “Ziddiyət olan yerdə, yaxşı nəticə qazanmaq mümkün deyil”

03:03 19 May 2015

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov müsahibə verib.

 

- Cari mövsüm artıq yekunlaşır. “Qəbələ”nin bu mövsümki çıxışı sizi qane etdi?

- Hər şey göz qabağındadır. “Qəbələ” xeyli müddətdir uduzmur. Sonuncu dəfə nə vaxt meydanı xalsız tərk etdiyimizi xatırlamıram. Komandamız inamlı təsir bağışlayır. Bu məqam bizi sevindirməyə bilməz. Artıq “Qəbələ” öz oyununu sərgiləyir. Dodo, Mendi və ya başqa bir əsas heyət üzvü meydana çıxmayanda belə, komanda inamlı təsir bağışlayır. Çempionat davam edir. Qarşıda 2 tur olsa da, cəmi 1 dəfə meydana çıxacağıq. İnanıram ki, son matçda da lazımı nəticəni qazanacağıq.

- Hazırda “Qəbələ” üçüncü pillədə qərarlaşıb. Bürünc medalı qazanmaq sizin üçün vacibdir?

- Ümumi götürdükdə, məqsədimizə çatmışıq. Avroliqaya vəsiqə qazanmaq istəyirdik. Buna da nail olduq. Bürünc medala da sahib çıxsaq, daha yaxşı olar.

- Hazırda Premyer Liqanın əksər klubları maddi baxımdan çətinlik yaşayır. “Qəbələ”də bu baxımdan hansısa problem var?

- Bu məsələnin “Qəbələ”yə təsir etməməsi mümkün deyil. Bəli, maliyyə məsələlərinin “Qəbələ”yə də təsiri var. Ancaq hələ ki ciddi problem yaşamırıq.

- İndidən belə fikirlər səslənir ki, növbəti mövümdə çempionluq uğrunda 2 komanda - “Qarabağ” və “Qəbələ” mübarizə aparacaq. Bu fikirlə razısız?

- Bu cür açıqlamalar yəqin son oyunlara görə verilib. Ancaq belə fikir yürütmək düzgün deyil. Digər komandaların durumunun necə olacağını zaman göstərəcək.

- Hələ bir müddət əvvəl transfer çalışmalarına başladığınızı qeyd etmişdiniz. Bu işdə hansısa yeniliklər var?

- İş gedir, amma ad açıqlaya bilmərəm, Transfer siyahımızda həm yerli, həm də legionerlər var. “Bakı” ilə oyundan sonra konkret adlar çəkmək mümkündür.

- Klub prezidenti transfer işlərini Toni Adamsa tapşırıb. Deyilənə görə, bu məqam klubda narazılığa səbəb olub. Belə ki, Adamsın transferlərə nəzarət etməsi buna kimi klubda bu işlə məşğul olan digər rəsmilərin ürəyincə deyil. Onlar baş məşqçi Roman Qriqorçukdan Toni Adamsın təklif etdiyi oyunçuları bəyənməməyini istəyiblər. Klub ətrafında yayılan bu xəbərlər nə dərəcədə düzgündür?

- Adams da, Qriqorçuk da peşəkardır. Adamsın işi baş məşqçinin fəaliyyətinə qarışmaq, ona problem yaratmaq deyil. Həm də transferlə bağlı bütün işlər Adamsa tapşırılmayıb. O, transfer işlərinə ümumi nəzarət edir, öz məsləhətlərini verir. Elə dünən Toni Adams, Roman Qriqorçuk, mən, həmçinin digər klub rəsmilərinin iştirakı ilə transfer məsələlərini müzakirə etdik, hərə öz fikrini bildirdi. Görüş zamanı məlum oldu ki, Adams və Qriqorçukun fikirləri üst-üstə düşür. Onların birgə fəaliyyətində hansısa problem müşahidə etməmişəm. Əgər onların münasibətində problem müşahidə olunsaydı, kimsə klubdan ayrılmalıdı. Çünki ziddiyət olan yerdə, yaxşı nəticə qazanmaq mümkün deyil.

- Avrokuboklarda “Qəbələ”nin məqsədi nə olacaq?

- Bacardığımız qədər irəli getməliyik. futbolxeber


Digər xəbərlər

Xəbər xətti