Ramin Musayev daha telekanallardan görüntüləri gizlədə bilməyəcək?

13:18 8 İyun 2015

Klublar Komitəsinin son iclasında çıxarılan qərarlardan biri də, növbəti mövsümdən oyunların teleyayım hüququnun PFL-ə yox, klublara məxsus olması ilə bağlıdır. Bəs, bu qərar klublara nə verəcək?

 

Bu qərarın klublar üçün həm xeyiri, həm də zərəri olacaq. Əvvəlcə xeyirindən başlayaq. Teleyayım hüququnun PFL-dən alınması o baxımdan klubların xeyirinə olacaq ki, artıq Ramin Musayev mediadan görüntüləri gizlədə bilməyəcək. Əvvəllər telekanalların əməkdaşları sərbəst çəkiliş edib, istədikləri kadrları nümayiş etdirirdilər ki, bu, Musayevin xoşuna gəlmirdi. Çünki bu halda onun hakimlərinin özbaşnalıqları, qərəzli idarəçilikləri futbol verilişlərinin “bəzəyi” olurdu. Bu durumdan məmnun olmayan PFL rəhbəri bütün hüquqları mənimsəməklə telekanalları stadionlardan didərgin saldı. O vaxtdan bəzi kanallar Premyer Liqa oyunlarının icmalını belə göstərməməyə qərar verdilər. Oyunların görüntülərini göstərmək istəyənlər isə Musayevin senzurasından keçməyə razılıq verməli oldular. Çempionatın görüntülərini inhisara alan Musayev bunu “İdman Azərbaycan”la anlaşdıqları ilə izah etdi. Ancaq zaman göstərdi ki, bu qeyri-peşəkar anlaşma futbolumuza heç nə vermədi. Həftədə efirə bir-iki oyun verildi, klubların payına isə heç qara qəpik də düşmədi.

 

Sevindirici haldır ki, Ramin Musayevin çəkiliş monopoliyasını əlindən alırlar. Ancaq klubların bu sahədə irəliləyiş əldə etməsi rahat olmayacaq. Niyə? Klublar Komitəsinin son iclasından sonra qurumun rəhbəri Tuyqun Nadirov deyib ki, yayım hüququnu kanallara yalnız maliyyə qarşılığında verəcəklər və ya klub sponsorlarının reklamları oyunları göstərmək istəyən kanallarda pulsuz yerləşdiriləcək. Tuyqun bəyin dedikləri ideya olaraq çox yaxşıdır. Ancaq tam əminliklə deyə bilərik ki, telekanallar futbolun təbliğində maraqlı deyillər. Onlar efir vaxtını futbola ayırmaqdansa, hər hansı şou-biznes verilişindən həm qazanc, həm də daha çox reytin əldə edə bilərlər. Digər tərəfdən futbol oyunlarının yayımlanması üçün “PTS” (Səyyar Peyk Maşını) lazımdır ki, bir çox TV-lərdə belə maşınlar yoxdur. Əgər diqqət yetirirzə, telekanallarda futbol verilişləri də azlıq təşkil edir, olan bir-iki veriliş də çox gec saatlarda efirə gedir. Ona görə də, Klublar Komitəsi bu qərarın icra mexanizmini də düşünməlidilər ki, çıxarılan qərar kağızda qalmasın.sportal.az


Xəbər xətti