Güləşçimiz ermənini məğlub edərək bürünc medal qazandı

20:08 13 İyun 2015

Bu gün I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.
 
 
Sportarena.az xəbər verir ki, 59 kq çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edir. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə qarşılaşıb. Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə rəqibindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəlib. Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz qələbəni bayram edib - 7:6.
 
Amma o, finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla üz-üzə gəlib və 3:11 hesabı ilə uduzub. Buna baxmayaraq, Elman bürünc medal uğrunda mübarizəni davam etdirib.
 
3-cü yer uğrunda döyüşdə onun rəqibi ermənistanlı Roman Amoyandı. 20 yaşlı Muxtarov işğalçı ölkə təmsilçisi qarşısında inamlı qələbə qazanıb. O, özündən 12 yaş böyük olan titullu rəqibini xalçaya çıxmağa peşman edərək (9:1), Maryanyanın da revanşını ondan alıb. Bununla da Elman yığmamıza 4-cü medalı qazandırıb.


Digər xəbərlər

Xəbər xətti