VİDEOLAR Azərbaycan medal cədvəlinin zirvəsində

13:32 15 İyun 2015

Yarışın 3 günündən sonra Azərbaycan 6 qızıl medalla sıralamanın ən yüksək pilləsində qərarlaşıb

Azərbaycan millisi Bakı 2015 Avropa Oyunlarının qeyri-rəsmi komanda hesabında liderliyini qoruyub. Yarışın 3 günündən sonra da Azərbaycan yığması medal sıralamasında zirvədə qərarlaşıb.

Belə ki, Avropa Oyunlarında sahibini tapan 24 dəst medalı qazanan 26 ölkə arasında ən çox mükafatı Azərbaycan əldə edib. Millimizin hesabında 6 qızıl, 2 gümüş və 5 bürünc var.

Azərbaycan idmançılarının uğuru yerli azarkeşləri çox sevindirir. Bu, bir daha göstərir ki, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan yarışlara daha özəl yanaşır. Hər kəs azərbaycanlı idmançılardan yalnız qələbə gözləyir.

Təsadüfi deyil ki, azərbaycanlı idmançıların çıxışları hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri tərəfindən də canlı izlənilir. Azərbaycana qızıl medalları qazandıran idmançıları məhz prezident və xanımı şəxsən təltif ediblər. Bu da digər idmançıları üçün əlavə stimul olmaqla yanaşı, Avropa Oyunlarına dövlət səviyyəsində göstərilən diqqətin, idmançılarımıza gözlənilən etimadın səviyyəsinin göstəricisidir.

Yarışlarla əlaqədar digər cəlbedici məqam oyunlara həmişə olduğundan daha çox tamaşaçının qatılması, onların Azərbaycan və Türkiyə komandalarına daha coşğu və həvəslə azarkeşlik etmələridir. Oyunlarda tamaşaçı sayının çox olması hətta xarici idmançıları da heyrətləndirir.

Azərbaycanın bu oyunlarda diqqətçəkən amillərdən biri də Azərbaycan üçün xarakterik olmayan bir idman növü – triatlonda medal qazanması oldu. Bundan sonra Azərbaycan idmançıları üçün Olimpiya Oyunlarında yeni-yeni qələbə üfiqlərinin açıldığını əminliklə demək olar.

Qeyd edək ki, medalların siyahısında 2-ci pillədə Rusiya qərarlaşıb. Türkiyə millisi ilk “üçlüy”ü qapayır. Sonuncular medalların ümumi sayında 2-cidir.

Azərbaycanlı idmançıların iştirakı ilə bu gün də yarışlar keçiriləcək.

AZƏBAYCANA MEDAL SEVİNCİ YAŞADAN İDMANÇILARIN SİYAHISI:

 

QIZIL:

Elvin Mürsəliyev (Yunan-Roma güləşi)

İrina Zaretska (karate, kumite)

Ayxan Mamayev (karate, kumite)

Rəfael Ağayev (karate, kumite)

Firdovsi Fərzəliyev (karate, kumite)

Rəsul Çunayev (sərbəst güləş)

GÜMÜŞ: 

Sabah Şəriəti (Yunan-Roma güləşi)

Rafiq Hüseynov (Yunan-Roma güləşi)

BÜRÜNC: 

Rostislav Pevtsov (Triatlon)

Həsən Əliyev (Yunan-Roma güləşi)

İlahə Qasımova (karate)

Elman Muxtarov (sərbəst güləş)

Niyazi Əliyev (karate)


Xəbər xətti