CANLI YAYIM Sərbəst güləş: Əsgərovdan möhtəşəm qələbə, Əliyev "bürünc"ü qazana bilmədi

19:48 17 İyun 2015

I Avropa Olimpiya oyunlarında ölkəmizi təmsil edən 4 sərbəst güləşçi bü gün mübarizəyə başlayacaq.

 

SportArena.az idmançılarımızın döşək üzərinə çıxacaq vaxtları sizin diqqətinizə çatdırır.

 

Güləş

Kişilər, sərbəst

57 kq

Bu çəkidə ölkəmizi təmsil edən Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqe ilə münasibətinə aydınlıq gətirib. Həmyerlimiz rəqibini asanlıqla məğlub edib - 9:4. Əliyev üçün 1/4 final qarşılaşması prinsipial əhəmiyyət daşıyıb. Erməni Qarik Barsekyanı sınağa çəkən Yaşar rəqibinin zəif olduğunu sübuta yetirib - 10:6.

 

Təmsilçimiz yarımfinalda Viktor Lebedovla (Rusiya) güləşib. Təəssüf ki, Əliyev uğurunun ardını gətirə bilməyib və 1:3 hesabı ilə uduzub. "Neftçi İdman Klubu"nun üzvü bürünc medal uğrunda çıxışını davam etdirib. Lakin türkiyəli Sezer Akgüllə qarşılaşan idmançımız bu dəfə də məğlubiyyətə üzülüb. O, Oyunları 5-ci yerdə başa vurub.

 

65 kq

Olimpiya çempionumuz Toğrul Əsgərov ilk mərhələdən yarışa start verib. O, 1/8 finala yüksəlmək üçün rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və çətin qələbə qazanıb. Həmyerlimiz 8:2 hesabı ilə öndə olsa da, yekunda Bekbulatovu 8:7 hesabı ilə məğlub edib. Təmsilçimiz 1/8 finalda moldovalı Mixail Sava ilə gücünü yoxlayıb. Toğrul rəqibini çempionluq mübarizəsindən kənarlaşdırmaqda ciddi müqavimətlə üzləşməyib. O, görüşü təmiz qələbə ilə aktivinə yazıb - 10:0.

 

Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə güləşib. Döyüşü vaxtından əvvəl xeyrinə bitirən (10:0) Olimpiya çempionumuz yarımfinala vəsiqə qazanıb. "Neftçi İdman Klubu"nun üzvü həlledici görüş üçün Azamat Nurikovla (Belarus) mübarizə aparıb və bu döyüşü də üstün bitirib - 7:2.

 

Əsgərov finalda Frank Kamizo Marqueslə (İtaliya) üz-üzə gəlib. London Olimpiadasından sonra ən yaxşı formasında olan idmançımız son döyüşünü də qələbə ilə başa vurub. Toğrul hesabda 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, ilk hissədəcə cütün taleyini həll edib. Təmiz qələbə qazanan Olimpiya çempionumuz qızıl medallarımızın sayını 9-a, ümumilikdə isə mükafatlarımızın sayını 20-yə çatdırıb.

 

74 kq

İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov da Əliyev kimi yarışa ikinci mərhələdən qatılıb. 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşən dünya çempionatının mükafatçısı 10:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. O, növbəti qarşılaşmasını türkiyəli Soner Dəmirtaşla qüvvəsini sınayıb. Cəbrayıl 3:0 hesabı ilə öndə olsa da, yekunda 3:5 hesabı ilə uduzub.

 

Dəmirtaş finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə Anri Seleniusa (Finlandiya) qalib gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib. Onun qazandığı bürünc medal yığmamızın 21-ci mükafatı olub.

 

97 kq

Avropa və dünya çempionumuz Xetaq Qazyumovun ilk sınağı təsnifat mərhələsinə təsadüf edib. Güləşçimiz öncə Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Rəqibinə çətin anlar yaşadan Xetaq qarşılaşmanı vaxtından əvvəl xeyrinə bitirib - 10:0. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla güləşib və yenə də inamlı qələbə qazanıb - 4:0. Avropa çempionumuz yarımfinala gedən yolda belaruslu İbrahim Saidovu xalçaya dəvət edib. Daima formada olan milliləşdirilmiş legionerimiz bu rəqibinə də yerini göstərib - 2:1.

 

Qazyumov yarımfinalda Abdusalam Qadisovla üz-üzə gəlib. Ötən il dünya və Avropa çempionatının finalında uduzduğu rəqibindən bu dəfə revanş alıb. Qadisova 4:2 hesabı ilə qalib gələn Xetaq finalda gürcüstanlı Elizbar Odikadze ilə güləşib. Həlledici qarşılaşma da təmsilçimiz üçün uğurla başa çatıb. Görüşü 3:1 hesabı ilə xeyrinə bitirən Qazyumov Oyunları çempion kimi başa vurub.

 

Bu, yığmamızın 10-cu qızıl medalı, ümumilikdə isə 22-ci mükafatı olub.


Digər xəbərlər

Xəbər xətti