Millinin iki üzvü qələbədən danışdı : "Sübut etməliyik ki, biz də futbol oynamağı bacarırıq"

17:38 18 İyun 2015

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri Farer adaları yığması ilə oyunla bağlı fikirlərini affa.az saytına bildiriblər.

 

Sportarena.az həmin açıqlamaları sizə təqdim edir:

 

Cəmil Hacıyev: “Oyundan əvvəl məşqçilərimiz qarşılaşmanın çətin keçəcəyini demişdilər. Çünki qələbə qazanmaq vacib idi. Belədə futbolçular təzyiq altında olurlar. Özümüz də başa düşürdük ki, Almaniya, Avstriya yığmalarına qarşı oynamaq daha asan olacaq. Ona görə ki, həmin oyunlarda “ikinci nömrə”dən oynamalı olacağıq. Bu oyunda isə mütləq qələbə qazanmalı idik, daha doğrusu, buna borclu idik. Asan olmadı, amma sonda istədiyimiz nəticəni əldə etdik.

Oyuna uyğunlaşmaq üçün vaxtımız da az oldu. Farer adalarına gəldiyimiz gün hava şəraiti məşq keçməyimizə imkan vermədi. Bu da müəyyən çətinlik yaratdı. Amma iki həftə ərzində düzgün məşq prosesi keçməyimiz köməyimizə çatdı. Əsas odur ki, 90 dəqiqə fiziki cəhətdən yorulmadan mübarizə apardıq və qələbə qazandıq.

Qrup mərhələsinə qələbə ilə başlamaq çox vacib idi. Bildiyimə görə, bu yaşda komandalarımız heç vaxt rəsmi oyunlara 3 xalla start verməyib. Bu uğurun davamını gətirməliyik. Ən azı, ötənilki nəticəmizi yaxşılaşdırmalıyıq. Bunu bacaracağımıza inanıram. İstəmirəm ki qrupumuzdakı digər komandalar bizə zəif rəqib kimi yanaşsınlar. Sübut etməliyik ki, biz də futbol oynamağı bacarırıq”.

 

 

Adil Nağıyev: “İlk oyunumuz olduğuna görə, qələbə qazanmaq istəyirdik. Məşqçilərimiz də tapşırmışdılar ki, qələbə bizim üçün vacibdi. Oyundan əvvəl hava şəraiti məşq keçməyimizə imkan vermədi. Bununla belə, təlim-məşq toplanışını yüksək səviyyədə keçirdiyimizdən, problem yaranmadı. Bu qələbə sonrakı oyunlara yaxşı motivasiya olmağımıza şərait yaradacaq. Qarşıdakı 2 oyunu öz meydanımızda keçirəcəyik. Həmin oyunlarda da yaxşı nəticə qazanacağımıza inanıram.

Rəqib hücumçuların boyunun hündür olması problem yaratmadı. Çünki bizim müdafiəçilər də onlardan geri qalmırdı. “İkinci mərtəbə”də onlardan daha yaxşı oynadıq.

Hesabın gec açılması müəyyən gərginlik yaratmışdı. 60-cı dəqiqədən sonra uşaqlarda həyəcan hiss olunurdu. Qələbə istəyi gərginlik yaratmışdı. Rəqibin 1-2 təhlükəli epizodu da oldu. Əslində, biz hesabı erkən aça bilərdik. Birinci hissədə daha çox şansımız oldu. Amma 81-ci dəqiqədə bunu bacardıq. Gec oldu, amma istədiyimiz oldu.

Qələbə ilə başladıq, bu templə də davam etməyi düşünürük. Qrupumuzda güclü rəqiblər yer alsa da, sona qədər mübarizə aparacağıq. Həm də bu oyundan öncə heyətimizdə zədəli futbolçular vardı. Lakin onların əvəzinə meydana çıxanlar bunu hiss etdirmədilər.”


Digər xəbərlər

Xəbər xətti