Bakı Olimpiya Oyunları 2024-ə namizəd ola bilər - Azad Rəhimov

14:32 24 İyun 2015

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda Olimpiya Oyunları 2024-ün keçirilməsinə müraciətin təqdim olunması imkanlarını qiymətləndirib. 

Bu barədə AP agentliyi məlumat yayıb. 

“Biz artıq iki dəfə Olimpiadanın Bakıda keçirilməsi hüququ uğrunda mübarizə aparmışıq, lakin bizim 2016 və 2020-ci ilin oyunlarına müraciətlərimiz məğlubiyyətə məruz qalıb. Beynəlxalq Olimpiya Komitəsi (BOK) namizədlərə olduqca sərt tələblər irəli sürür. Əgər həmin tələblər yüngülləşdirilsə, Bakı 2024-cü ilin oyunlarının keçirilməsinə müraciət etmək imkanlarını nəzərdən keçirə bilər. Əks halda, bizə hökumətdən olduqca iri həcmli investisiyalar lazım olacaq. 

Məsələn, Bakıda stadion hazırda 68 min tamaşaçı tutur, lakin BOK-un tələbi isə minimum 80 mindir. Bununla belə hamıya Pekinin nümunəsi məlumdur. Orada “Quş yuvası” arenası demək olar ki, istifadə olunmur”, -   Azad Rəhimov deyib.

Qeyd edək ki, Olimpiada-2024-ün keçirilməsinə müraciətin təqdim olunması vaxtı 2015-ci ilin sentyabrın 15-də başa çatır. 

Artıq Roma, Hamburq və Boston müraciət təqdim ediblər. Öncə Budapeşt də oyunların keçirilməsinə namizədliyini irəli sürəcəyini bildirib. 


Digər xəbərlər

Xəbər xətti