Avropa Oyunları ilə bağlı böyük monitorlar - VİDEO

14:44 24 İyun 2015

Ölkəmizdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarına maraq sakinlərin həyat tərzini də demək olar dəyişib. Hamı asudə vaxt taparaq oyunları canlı izləmək şansı əldə etməyə can atır. Bölgələrdə də bu, hiss olunur.

Azərbaycanın cənub qapısı olan Astarada birinci Avropa Oyunlarına tamaşaçı marağı olduqca də böyükdür. Gündüz saatlarında bu oyunları izləyə bilməyənlər axşam saatlarında istirahət məkanlarında monitorlar vasitəsilə izləyir, həm də idmançılarımızın qələbə sevinclərini birgə paylaşırlar.

Oyunları monitorlar vasitəsilə izləyənlər arasında qoca, cavan - bir sözlə bütün təbəqələrə məxsus insanlar var. Ailəvi gələnlərin çox olması, yay istirahətini doğma rayonda keçirənlərin yarışları yaxınları ilə birgə monitordan izləməsi birinci Avropa Oyunlarına olan böyük maraqdan xəbər verirdi.

“Biz Astara şəhərinə Rusiyadan gəlmişik. Həqiqətən görürük ki, hamı birinci Avropa Oyunlarına çox böyük maraqla diqqət yetirir. Bu bizim üçün böyük bir fəxrdir”, – deyə turist Nazim Ağahüseynov bildirib.

Birinci Avropa Oyunları start götürəndən sakinlərin marağını nəzərə alan rayon rəhbərliyi qələbəlik olan əksər yerlərdə, əyləncə mərkəzlərində, xüsusən də dənizkənarı park bulvarda oyunların kütləvi izlənməsi məqsədilə monitorlar quraşdırıb.

Şəhər rəsmisinin dediyinə görə, bulvarda yarışlar başlanandan qələbəlik müşahidə olunur. Sakinlər təkcə oyunları birbaşa monitorlardan izləmir, həm də idmançılarımızın nəticələrini müzakirə edirlər. Bu isə əyalətdə belə birinci Avropa Oyunlarına olan böyük marağın əksidir.

 


Xəbər xətti