Gürcülərlə “Qəbələ” azarkeşləri arasında dava düşdü

01:25 3 İyul 2015

Avroliqanın ilkin təsnifat mərhələsi çərçivəsində Gürcüstanın paytaxtı Tiflisdə keçirilən "Dinamo" - "Qəbələ" oyununda meydan sahibləri qələbə qazanıb - 2:1. 
 

Sportarena.az sport7.az-a istinadən xəbər verir ki,  Tiflisdə 3 insident yaşanıb.

 

Əvvəlcə oyuna Bakıdan "Qəbələ"yə azarkeşlik etmək üçün gələn "Sektor11" fanklubunun 4 üzvü stadiona yaxın metrostansiya yaxınlığından "Dinamo"nun azarkeşləri tərəfindən döyülüb. Onların Azərbaycan bayrağı ilə, üstəgəl millimizin formaları ilə olması yerli azarkeşlərin qəzəbinə düçar olub. Söz atışı nəticəsində isə bizim azarkeşlər döyülüb, paltarları cırılıb. Onlardan biri gözündən xəsarət alıb.

2-ci insident stadionun "Qəbələ"yə məxsus olan tribunasında yaşanıb. "Dinamo"nun son dəqiqələrdə vurduğu qoldan sonra "Qəbələ" azarkeşlərinin olduğu sektora yuxarı tribunalardan birindən petarda atılıb. Bu isə "Qəbələ"li azarkeşlərin hirsinə səbəb olub. Onlar polis əməkdaşlarından yandırıcı fişəng atanların cəzalandırılmasını tələb edib. Bu isə polislərlə azarkeşlərimiz arasında yüngül insidentin yaşanmasına gətirib çıxarıb.

Ən nəhayət "Qəbələ"nin azarkeşləri stadionu tərk edərkən "Dinamo" fanatları ilə münaqişə edib. Bu hadisə azərbaycanlı fanatların avtobusunun yaxınlığında baş verib. 3-cü insident zamanı ciddi xəsarət alanın olub-olmadığı bilinmir.


Digər xəbərlər

Xəbər xətti