"Ramin Musayevdən xoşum gəlmirdi"- Aslan Şahgəldiyev

13:00 3 İyul 2015

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan futbolunda işini peşəkar görən tək-tük qurumlardan biri, bəlkə də birincisidi. Ramin Musayevin başçılıq etdiyi kollektivin işini qiymətləndirməmək haqsızlıq olar. Yeni mövsümə hazırlaşan PFL üçün dünən əlamətdar gün idi. 
 

Ölkə çempionatına cavabdeh olan bu qurum 2008-ci il, iyulun 2-də yaradılıb. Yəni PFL-in fəaliyyətə başlamasından dünən 7 il ötürdü.

 

Belə bir əlamətdar gündə qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev apasport.az-ın qonağı olub. PFL-də görülən hər bir işdə əziyyəti olan Şahgəldiyev adi həyatda olduğu kimi, müsahibə zamanı da səmimi fikirlər səsləndirib.

 

- Əvvəlcə PFL-in ad günü münasibətilə siz də daxil olmaqla, bütün kollektivinizi təbrik edirik. Ondan başlayaq ki, arxada qalan 7 il ərzində PFL nəyə nail olub?

- Təbrikə görə sağ olun. PFL-ə 2009-cu il, iyunun 15-də gəlmişəm. 7 ildə nəyə nail olduğumuzu mənim deməyim düzgün çıxmaz. Təbii ki, problemlərimiz çox oldu, tənqidlərə də məruz qaldıq. Amma tənqid futbolda mütləq olmalıdı. Elə bir futbol ölkəsi, federasiya yoxdu ki, orda tənqid olmasın. Futbolun əsası bunun üzərində qoyulub. Çünki futbolda qazanılan uğurun sonu yoxdu. Hətta dünya çempionu olanda da, növbəti il yenə səni tənqid edirlər. Ramin Musayev də əvvəl klubda çalışmışdı, mən də. Futbolumuzda gördüyümüz çatışmazlıqları PFL-də işə başladıqdan sonra aradan qaldırmağa çalışdıq. İlk ildən əvəzedicilərimizin çempionatını keçirdik. Həmin vaxta qədər futbolumuzda 18 yaşdan sonra bir çox uşaq itirdi. Çempionatda rəqabəti artırmağa başladıq. Çempionatın reytinqi göz qabağında idi, əvvəl ən sonuncu yerlərdən birində idik. Klublarımızın avrokuboklardakı çıxışını da hamı xatırlayır. Bilirsiz ki, avrokuboklar çempionatın güzgüsüdü. Əgər klub orda uğurlu çıxış edirsə, deməli, çempionatda rəqabət yüksəkdi. 2006-cı ildə “Karvan”ın bir mərhələ keçməsini futbol tariximizə qızıl hərflər yazmışıqsa, bu gün klublarımızdan qrup mərhələsini tələb edirik. Əgər bunu tələb ediriksə, deməli, inkişafa nail olmuşuq. Yadıma gəlir, “Karvan” bir mərhələ keçib, Bakıya qayıdanda dostlar gəlib bizi qarşılamışdılar. O dövr üçün uğur az idi. İndi müəyyən işlər görülüb. UEFA-nın, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) reytinqində irəliləyiş var. Bunu saytınızın əməkdaşı, statistik Vüqar Xeyrullayev də həmişə işıqlandırır, ona təşəkkürümüzü bildiririk. Bu özü hər şeyi göstərir. Bizim nəsə deməyimiz artıq olar.

- Bəs etmək istədiyiniz, lakin nail ola bilmədiyiniz nəsə varmı?

- Bu, təkcə PFL-dən asılı olan məsələ deyil. Edə bilmədiklərimizi açıqlamaq istəməzdim. Futbolda uşaq komandaları, klublar, peşəkar futbolçular, federasiya, hər şey bir-birinə zəncirvari şəkildə bağlıdı. Əgər bunun birində problem yaranarsa, digərlərində də bu, özünü göstərəcək. Təbii ki, görmək istədiyimiz bir çox işlər var, onları da növbəti illərdə həyata keçirmək niyyətindəyik. Amma bu da tək bizdən asılı deyil. Hər kəs bu istiqamətdə çalışmalıdı. İnşallah, gözləyək. Edə bilmədiklərimizi qarşıdakı illərdə həyata keçirəcəyik.

- PFL yeni yarananda hansı ölkələrin eyniadlı qurumlarının təcrübəsindən faydalanmısız?

- Avropanın 30 ölkəsində belə qurum var. Düzdü, bəzi insanlar deyirdi, hətta mətbuatda da işıqlandırırdılar ki, Azərbaycan balaca ölkədi, burda PFL-ə nə ehtiyac var? Bu, çox absurd fikirdi. Bunu özüm PFL-də işlədiyim üçün demirəm. Çempionat uzun marafondu. Onu hər hansı bir təşkilat əvvəldən sonuna qədər keçirməlidi. Hansısa bir problem ortaya çıxanda qarşısını almalı, yenilik etmək istəyəndə bunları həyata keçirməlidi. Ən böyük əməkdaşlığımız Avropa Peşəkar Futbol Birliyinə üzv olmağımızdı. Onlarla çox böyük işlər görürük, seminarlarına qatılırıq. Düzdü, biz bunu işıqlandırmırıq. Hər hansı bir nailiyyət əldə edəcəyiksə, onu özünüz də görəcəksiz. Onların nümayəndəsini də ölkəmizə dəvət etdik, gəldilər, görüşlərimiz keçirildi. Belə bir sonuncu tədbir “Nou Kamp”da oldu. Avropanı təmsil edən 34 ölkənin Peşəkar Futbol Liqasının üzvləri ora gəlmişdi. Mənim bəyəndiyim o oldu ki, İtaliyada A Seriyasından başqa, digər liqaların da özlərinin rəhbərləri var. Bu, çox gözəl bir şeydi. Biz də bu barədə rəhbərliyə öz fikirlərimizi bildirdik ki, belə şeyləri Azərbaycanda da tətbiq etmək lazımdı. Polşa, Yunanıstan, Avstriya liqalarının rəhbərləri ilə orda görüşdük. Deyim ki, təşkilatçılıq baxımından onlardan geri qalmırıq. Amma bəhrələndiyimiz çox şeylər var. Məsələn, Avstriya Futbol Liqasının saytını gördüm, valeh oldum. O sayt bir dünyadı. Orada istədiyin hər bir şeyi əldə edə bilərsən. İnşallah, gələcəkdə biz də bunu həyata keçirərik.

- PFL-i digər qurumlardan fərqləndirən nədi?

- Deyərdim ki, kollektivi. Tam səmimi deyirəm, biz işə iş kimi baxmırıq. İş qurtarır, evə gedən yoxdu. Artıq iş yoldaşı olmaqdan əlavə, bayramlarda da bir yerdə oluruq, ailələrimiz bir-birini tanıyır, hətta övladlarımız da bir-biri ilə dostdular. Çox mükəmməl kollektivimiz var.

- PFL-in mətbuat xidmətinin rəhbəri kimi, mətbuatla münasibət qurmaq sizin üçün çətin deyil? Reallıq budu ki, idman mətbuatında qeyri-peşəkarların sayı da kifayət qədərdi...

- Ola bilər, idman mətbuatında vəziyyət bu dəqiqə yaxşı deyil. Həmişə deyirik ki, 90 faiz pisdi, 10 faiz yaxşıdı. Amma 10 faizə aid olan uşaqlar var ki, inandırım, başqa yerdə əlimizdə çıraq axtarsaq, onları tapa bilmərik. O qədər mükəmməl, savadlı, peşəkar insanlardı ki... Münasibət qurmaq deyəndə mənim işim budu. Mətbuat xidmətinin rəhbəri körpü rolunu oynayırsa, dözümlü, səbrli olmalıdı. Tədbirlərdə birbaşa rəhbərin yanında olmalıdı ki, mətbuata, ictimaiyyətə dolğun informasiya verə bilsin. Açığı, öz işimdə hər hansı çətinliyi görməmişəm.

- Kənardan çox səbrli, təmkinli görünürsüz. Heç elə an olubmu ki, səbr kasanız daşsın...

- Çox olub. Əslində, səbrli insan kimi görünürəm, amma pis xasiyyətim odu ki, özümdən çıxanda özümə gəlməyim çox çətin olur. Təbii ki, çalışıram bunu bildirməyim. Amma bəzən işdə aqressivlik olur. Hətta bəzən uşaqlar zarafatla deyirlər ki, sən kubokun finalında başqa cür insan olursan, sifətin dəyişir. Deyirlər ki, səhər gördüyümüz Aslanla axşam açılış mərasiminə 1 saat qalmışdan tədbir qurtaranadək gördüyümüz Aslan tamam fərqlənir. Onlara izah edirəm ki, işdə belə hallar olur.

- Ramin Musayevlə işləmək, yaxşı mənada desək, nazını çəkmək çətin deyil ki?

- Sizə bir səmimi söz deyim. Mənə deyəndə ki, PFL-dən iş təklifi var, nə düşünürsən, onda Ramin Musayevdən xoşum gəlmirdi (gülürük). Çox düşünürdüm ki, görəsən, mən bu insanla işləyə bilərəmmi? Çünki kənardan çox aqressiv görünürdü. Mən “Karvan”da çalışanda Ramin müəllim “Neftçi”də işləyirdi. Bizlə olmasa da, hər oyunda qalmaqallarımız olurdu. Bir-iki dəfə də yanında olmuşdum. “Neftçi” oynayanda və ya biz oynayanda bilet aparıb verirdim onlara. Onda görürdüm ki, kənardan aqressiv insan təsiri bağışlayır, buna görə də xoşum gəlmirdi. Dedim, ay Allah, görəsən, mən orda işləyə bilərəm? Onda da “Karvan”dan çıxmışdım, 15 gün idi işsiz idim. Təklif gələndə fikirləşdim ki, gedib görüşüm, 3 ay işləyərəm, alınmasa, çıxaram. Gəldim, Ramin müəllimlə görüşdüm. Onun haqqında mənə başqa sözlər deyilmişdi. İşə qəbul olunandan sonra da ərizəmi yazıb rəfə qoymuşdum ki, 3 ay və ya 6 aydan sonra onsuz da, çıxacam. Amma işləyəndən sonra gördüm ki, bizim futbolda kiminsə dediyi sözə görə başqası haqda fikir yürütmək düzgün deyil. Özün həmin insanı görəcəksən, ondan sonra fikir yürüdəcəksən. Birgə işə başladıqdan sonra gördüm ki, bu insan yalanı xoşlamır. Ramin müəllimlə işləmək çox rahatdı. Bəlkə də, ikinci bir müdir tapa bilmərsiz ki, onunla işləmək elə rahat olsun. PFL əməkdaşıyam deyə, belə danışmağımı çoxları düz başa düşməyəcək. Hər şeyi açıb deyə bilmirəm, səhv başa düşərlər. Ramin Musayev qıraqdan göründüyü kimi deyil, onunla işləmək çox rahatdı. Olduqca səmimidi. İnsanın işindən başqa, işdən sonrakı həyatı da onun üçün maraqlıdı.

- İşdə nöqsanlar olanda, Ramin Musayevin reaksiyası necə olur?

- İşdə olan səhvlərə görə, Ramin müəllim çox dözümlü adamdı. Elə rəhbər var ki, səhvə görə kimisə işdən çıxarır. Amma Ramin Musayev çox bağışlayır. Hərdən özümə də anormal gəlir ki, bu qədər bağışlamaq olmaz axı, cəzalandırmaq, töhmət vermək lazımdı. Amma çox elementar bir səhvə görə özündən çıxdığı vaxtlar da olur (gülür). Mənim özümə də qəribə gəlir ki, bu səhv adi bir şeydi, ona görə niyə belə əsəbiləşir? Amma problem olursa, onu dərhal aradan qaldırırıq. İkincisi də, iş olan yerdə səhv də olar. Özü də futbol sahəsində işləyəsən, səhv olmasın, bu, mümkünsüzdü.

- Yeni mövsümdə PFL nə kimi yeniliklər etməyi planlaşdırır?

- Açığı, yeni mövsümün planlanmasını hələ aparmamışıq. Bizdə hər mövsümdən 15-20 gün əvvəl iclas olur. Departament rəhbərləri iştirak edir, müəyyən tapşırıqlar verilir, keçən il buraxılan çatışmazlıqlar qeyd olunur. Hansı səhvlərə görə tənqid olunmuşuqsa, onun qeydiyyatını aparıram və onları aradan qaldırmağa çalışıram. Biz çalışmışıq ki, hər il nəsə edək, jurnalistlərimizin işini rahatlaşdıraq. Sponsorlarımızdan kömək istəmişik, sağ olsunlar, etiraz etməyiblər. Çalışacağıq ki, bu il də fərqliliklər olsun.

- Ölkə Kubokunun final matçından sonra kubokun helikopterdən paraşütlə endirilməsi kimin ideyası idi?

- 3 il idi ki, biz helikopterlə kuboku gətirmək istəyirdik. Birinci dəfə “Dalğa Arena”da bunu reallaşdırmaq istədik. Onda “Neftçi”nin hazırkı icraçı-direktoru Elnur Məmmədov “Dalğa Arena”nın direktoru idi. Amma fikirləşdik ki, helikopter gəlsə, stadiondakı bannerləri dağıdacaq. Sonra Tofiq Bəhramov adına Respublika stadionunda bunu gerçəkləşdirmək istədik. Lakin stadionun direktoru Akif İsmayılov dedi ki, arenanı təzə təmir etdirmişik, problem çıxar. Bizim ağlımıza helikopter gəlirdi. Amma bir məqam da var idi ki, helikopter yerə enəndə pərinin küləyi problem yarada bilərdi. Bir dəfə Yevlaxda olmuşdu, helikopterin küləyi texniki zonanı bir tərəfdən götürüb atmışdı o biri tərəfə. Elə ondan ağlımda qalmışdı. Dedim ki, bu, riskdi, edərik, sonra ciddi problem olar, səhnə və ya səs gücləndiricilər aşa bilər. Bu dəfə Ramin müəllim dedi ki, final Qəbələdədi, bəlkə axır ki, ideyanı həyata keçirək, paraşütlə endirilsin kubok. Onda ağlımıza gəldi ki, Balakəndə Hərbi Səfərbərlik İdarəsi var, orda insanlar gedib paraşütdən istifadəni öyrənirlər. Onlara məktub yazdıq. Müraciətimizi çox gözəl qarşıladılar, dedilər ki, böyük məmnuniyyətlə hazırıq kömək etməyə. Sonra fikirləşdik ki, tək paraşütlə olmasın, başqa şeylərdə də bunu əlaqələndirək. Fikirləşdik ki, 1996-cı ildə “Qarabağ” və “Neftçi” komandalarının finalı olub. Həmin ildə doğulan 2 uşaq tapaq, onların həyat hekayəsini çəkək. Birini  “Neftçi”nin əvəzedicilərindən tapdıq, o biri isə ağdamlı uşaq idi. Hər ikisini danışdırdıq, sonra bunu səhnələşdirdik, bir film çəkdik. Həmin filmin davamında da paraşüt meydana endi və o uşaqlar kuboku gətirdilər. Məncə, təbii, gözəl alındı.

- PFL çempionata cavabdeh qurum olduğundan, klublarımızın vəziyyəti birbaşa sizi də qayğılandırmalıdı. Məlumdu ki, əksər klublarımız hazırda pis günlərini yaşayırlar, gələcək taleləri sual altındadı. Yəqin ki, növbəti mövsümlə bağlı narahatlıq keçirirsiz...

- Narahatlıq hissi yoxdu desəm, yalan olar. Bu dəqiqə bizə də konkret bir söz deyilməyib ki, necə olacaq. Amma düşünürəm ki, yaxşı olacaq və yaxşı olmalıdı da. Çünki başqa çarəmiz yoxdu. “Böyük beşlik” ölkələrindən fərqli, Azərbaycanda futbol biznes layihəsi deyil. Bizdə bu, sosial layihədi, futboldan gəlir götürmək hələ ki, mümkünsüz bir şeydi. Buna görə də, müəyyən dəstək olmalıdı ki, klublar çempionatı sona çatdıra bilsinlər. Amma bir tərəfdən də hadisələrin bu cür cərəyan etməsi yaxşı oldu. Çünki kimlərəsə layiq olduğundan 10 dəfə artıq pullar verilirdi. Əgər bir telefonun qiyməti 100 manatdısa, ölkədə ondan 10 dənədi deyə, həmin telefona min manat vermək düzgün deyil axı. Ona görə deyirəm ki, belə olmağı bir tərəfdən yaxşı oldu. Hər kəs öz dəyərini, qiymətini bilər.

- Razısız ki, PFL-in təşkilatçılığı, mətbuatın işıqlandırması Azərbaycan futbolunun səviyyəsindən qat-qat üstündü? 

- Bəlkə də, mətbuat futbolumuzu bu qədər tənqid etməsəydi, nə “Neftçi” qorxudan qrupa düşərdi, nə də “Qarabağ”. Məsuliyyət məsələsi var axı, normal düşüncəsi olan insan söz götürmək istəmir. Buna görə də, iş görəndə çalışırsan səhv etməyəsən ki, mətbuatda tənqid olunmayasan. Bəlkə də kimlərsə bunu qəbul etməyəcək, amma klublarımızın Avroliqanın qrupuna düşməsində mətbuatın çox böyük rolu oldu. Lakin təşkilatçılıq o qədər də yüksək səviyyədə deyil. Təbii ki, əvvəlki illərlə müqayisədə təşkilatçılıqda yerlə göy arasında fərq var. 2005-ci ildə mətbuat konfransı necə keçirilirdi, yadımdadı. Dəhşət idi. Jurnalist oyunun protokolunu əldə edəndə dünyanın ən xoşbəxt adamı olurdu. “Karvan”da mətbuat konfransı keçirdiyimiz zaman bir nəfər əlində 1 podnos peraşki zala girdi (gülürük). İndi şükür Allaha, təşkilatçılıq baxımından çox irəliləyiş var. Gördüklərimizdən sonra çox şey öyrəndik. Təsəvvür edin, Avropa və Çempionlar Liqasında təşkilatçılıq arasında da böyük fərq var. Bu, turnirlərin səviyyəsindən asılıdı. Biz də onlardan baxıb öyrənirik.

- Deyirlər ki, Ramin Musayevin ən yaxşı transferi Aslan Şahgəldiyevdi...

- Vallah, yox e. Mənim nəsə deməyim düz çıxmaz. Amma onu deyim ki, Ramin müəllim çox güclü seleksionerdi, insanı tanımaq qabiliyyəti mükəmməldi. İnsanlar məni tanıyırlar deyə, elə deyirlər. Amma işdə məndən də savadlı və bacarıqlı insanlar var. Bizdə Emil Şükürov var idi, o adamı çox insan tanımırdı, bir az kölgədə idi. Amma futbolumuzda ən savadlı, dəyərli insanlardan idi. O, bir dəryadı. Avropa Oyunlarında təcrübəsini daha da artırdı. Elə insanların futbolumuzda olması adamı sevindirir. Sözümün canı odu ki, Ramin Musayevin ən yaxşı transferi mən deyiləm.

- Klubla qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsi arasında çox fərq var?

- İş prinsipi oxşardı. Çünki ikisi də futboldu. Amma PFL-də daha ehtiyatlı olmalı, açıqlama verəndə diqqətli yanaşmalısan. Çünki kənardan baxanlar həddindən artıqdı. Klubda səhv etmək ixtiyarın var. Amma burda çalışmalısan ki, səhv etməyəsən.

- “Karvan”da çalışdığınız illər sizə nə öyrətdi?

- Mənə görə, Azərbaycan futbolunda gəlib-keçmiş ən mükəmməl idarə heyəti “Karvan”da olub. Bəlkə də çoxu inciyəcək məndən, amma oranın kollektivi indi PFL-də çalışdığım kollektivdən güclü idi. O uşaqların içindən indi bəlkə də, ən zəif yerdə işləyən mənəm. “Karvan” rəhbərliyi bizi bir aylıq seçimlərdən sonra götürmüşdü. “Karvan” elə klub idi ki, orda idarəetməyə tanışlıqla, qohumluqla düşmək mümkün deyildi. Gördüyümüz işlər mükəmməl, hər şey şəffaf idi. İclasda biri digərinə irad tutanda başqasının xətrinə dəymirdi, onun ayağının altını qazması kimi qəbul etmirdi. Birinin çatışmazlığını digər iş yoldaşı hamının yanında deyirdi və o da bunu aradan qaldırırdı. Bəlkə də, həyatımın ən gözəl günləri idi. Həmin vaxt 21 yaşım var idi, əsgərlikdən yeni gəlmişdim. Futbolla yaxından maraqlanırdım. Hətta yadımdadı, əsgərlikdə Azərbaycan – Latviya oyununa görə mənə 1 həftə həbs vermişdilər. Postu qoyub, gəlib oyuna baxanda hərbi hissə növbətçisi tutdu, 1 həftə həbs verdi. Amma hərbi hissə komandiri məni həbsə göndərmədi. Yəni futbol həyatım idi, onunla nəfəs alırdım. Elə həmin dövrdə “Karvan”dan təklif gəldi və heç maaşı fikirləşmədən, qaça-qaça getdim.

- “Karvan”da bir çox məşqçilər, futbolçular görmüsüz. Hansı daha yaxşı mənada yadınızda qalıb?

- Yunis Hüseynovu deyərdim, insanlığı yaxşıdı. Heç kimin xətrinə dəyməzdi. Düzdü, çatışmazlıqları çoxdu, özünə də demişəm. Çatışmazlığı odu ki, işdə gərək bir az sərt olasan. Tərlan Əhmədov kimi kapitanımız var idi. Vaxt var idi gedib onun məşqlərinə baxırdım. Sonra bir yerdə işləyəndə adama qəribə gəlirdi. Vaxtilə izlədiyin futbolçularla birgə çalışmaq xəyal kimi gəlirdi. Deyirdin ki, mən bura necə gəlib düşmüşəm? (gülür).

- Sizi yenidən nə vaxtsa hansısa klubda görə bilərikmi?

- Həyatdı, mən heç vaxt planlaşdırmıram ki, sabah necə olacaq. Hər şey ola bilər.

- Axı Ramin Musayev buraxmaz sizi...

- Mən özüm də getmərəm. Getməmişəm də (gülür). Kollektivdən razıyam. Amma gələcəkdə harda olacağımı deyə bilmərəm.


Digər xəbərlər

Xəbər xətti