SON XƏBƏR - UEFA “Qəbələ”ni cəzalandırıb Bakıya göndərir

14:34 10 İyul 2015

"Qəbələ" klubu  Avropa Liqasının II təsnifat mərhələsindəki Serbiyanın "Çukariçki" komandası  ilə ev oyununu Bakıda keçirə bilər.

Sportarena.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan klubunun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. 
 

 

Klub rəsmisinin sözlərinə görə, Qəbələ şəhər stadionunda komandası ilə I təsnifat mərhələsinin Gürcüstanın "Dinamo" klubu ilə cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin cəzalar tətbiq edəcəyi gözlənilir. Həmin cəzalar səbəb kimi, stadionda siyasi bannerlərin nümayişi və Gürcüstan bayrağının yandırılması ilə əlaqədar tətbiq olunacaq. Eyni zamanda, arenada portativ (gəzdirilən) tribuna da quraşdırılıb ki, bu da UEFA tələblərinə ziddir.

F.Nəcəfov qərarın yaxın günlərdə açıqlanacağını bildirib: "Məndə olan məlumata görə, Tbilisidə Boris Payçadze adına stadionunda keçirilmiş ilk görüşdə gürcüstanlı azarkeşlərin siyasi banner nümayiş etdirməsi səbəbindən "Dinamo"ya 20 min avro cərimə kəsilib. Bizi də UEFA-dan cəza gözləyir. Portativ tribunanı isə ləğv etmək üçün gec idi. Çünki artıq həmin sektora bilet satılmışdı. Bütün bunlar üzündən, stadionumuz cəza tədbiri kimi qapadılsa, "Çukariçki"ni Qəbələdə yox, Bakıda qəbul etməli olacağıq".

Eyni zamanda bildirib ki, Qəbələ şəhər stadionu cəzalansa, "Çukariçki"ni UEFA-ya ikinci ev arenası kimi təqdim etdikləri Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər. Amma bu zaman ilk oyunun səfərdə yox, evdə keçirilmə variantı gündəmə gələcək: "Çünki "İnter"lə biz eyni vaxtda rəqiblərimizi Bakıda qəbul edə bilmərik. UEFA-nın qaydaları buna yol vermir. Ona görə də iyulun 16-da ya biz, ya da "İnter" ilk oyunu səfərdə yox, evdə keçirəcəyik".

Nəzərinizə çatdıraq ki,, Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri iyulun 23-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti