"Bu komandanın bir parçası olmaq istəyirəm" - Arda Turan

15:54 10 İyul 2015

Bu gün "Barselona" ilə 5 illik müqavilə imzalayan Arda Turan ictimaiyyətə rəsmən təqdim olunub.

Sportarena.az goal.com-a nəzərən xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran türkiyəli futbolçu bir sıra məqamlara aydınlıq gətirib:

"İlk öncə "Atletiko"nun rəhbərliyinə, texniki heyətinə və bütün camiasına təşəkkür edirəm. Hər zaman qəlbimdə ayrı yerləri olacaq. Hazırda dünyanın ən yaxşı klubunda olduğum üçün çox xoşbəxtəm. Burada keçirəcəyim illərdə daha çox kuboklar qazanmaq istəyirəm. Təbii ki, başqa təkliflər də var idi. Ancaq "Barselona" səni istədikdə, digər təklifləri kənara atmalı olursan.
 
Altı ay boyunca futbol oynamamaq problem deyil. Göz açıb-bağlayana qədər keçəcəkdir. "Barselona"nın sadəcə bir futbol klubu olmadığını bilirəm. Özünəməxsus qaydaları var. Bu komandaya hər zaman rəğbətim olub. Hazırda da ən çox olmaq istədiyim klubdayam. "Barselona"nın böyüklüyünü hiss edə bilirəm".




"Xavinin yeri doldurula bilməz"
 
- Heç kəs Xavinin məsuliyyətini daşıya bilməz. O, təkcə "Barselona"nın deyil, bütün futbolsevərlərin kumiridir. Mənim fərqli tərzim var. Öz oyunumu sərgiləmək üçün buradayam. Xavi özəl bir futbolçudur. Heç kəs onun kimi ola bilməz".



"Enrike ilə Simeoneni müqayisə edə bilmərəm"

- Luis Enrike mənə zəng etdi. Onunla danışmaq qürurverici idi. Simeone ilə onu müqayisə edə bilmərəm. Simeone mənim futbolçu kimi yüksəlişimdə önəmli rol oynayıb. Ancaq Enrike də ötən mövsümü 3 kubokla başa vuran dünyanın ən yaxşı məşqçisidir.



"Kumirim İniyestadır"

- Dünyanın ən yaxşı futbolçuları ilə birgə oynayacam. Təbii ki, əsas heyət uğrunda rəqabət olacaq. Ancaq bunun dadını çıxararaq azarkeşlərə və komanda yoldaşlarıma yaxşı bir Arda izlətmək istəyirəm.

Messi dünyanın ən yaxşı futbolçusudur, amma İniyesta zövqlə izlədiyim bir oyunçudur. Bunu daha öncə də söyləmişdim. Burada hansı mövqedə oynayacağımın önəmi yoxdur. Daha öncə yarımmüdafiənin bütün cinahlarında oynadım. "Barselona"da məşqçi harada istəsə, orada oynamağa hazıram.



"Luis Enrikenin vurduğu qol ofsayt idi"

- 2002-ci ildə "Qalatasaray" - "Barselona" oyununda topdaşıyan idim. Həmin görüşdə Enrikenin qolu ofsaytdan vurulmuşdu. O matçla bağlı sadəcə bunları deyə bilərəm. 



"Yaxşı oynamaya bilərəm, ancaq heç vaxt pis mübarizə aparmaram"

- Hər zaman qarşımdakı rəqiblərə həddindən artıq hörmətlə yanaşdım. Hətta indi rəqib olaraq görməkdən böyük zövq aldığım klubun formasını geyinəcəm. "Atletiko"ya getdiyimdə də söyləmişdim. Yaxşı oynamaya bilərəm, ancaq heç vaxt pis mübarizə aparmaram. Məni örnək alanların etimadını doğruldacam. Klub səviyyəsində qazana biləcəyim bütün kuboklara sahib çıxmaq istəyirəm. Qələbə qazanan bir kluba gəldim. Bu komandanın bir parçası olmaq istəyirəm.



"Barselona" olmasa, ayrılmazdım"

- Atletiko"dan ayrılmağı heç vaxt istəmədim. Ancaq "Barselona" üçün vəziyyət bir qədər fərqli oldu. "Atletiko"da olarkən topun arxasınca qaçmaq və uğur qazanmaq üçün əziyyət çəkməkdən zövq alırdım. "Barselona"da topla daha çox oynayan bir komandada çıxış edəcəm. Yeni oyun üslubuna uyğunlaşmağım asan olmayacaq. Ancaq əlimdən gələnin ən yaxşısını etmək üçün buradayam.



"Heç kəs Messi ola bilməz"

- Messi bu günün deyil, tarixin ən yaxşı futbolçusudur. Ronaldo da dünyanın ən yaxşı futbolçularından biridir. Amma mənim üçün Messidən daha yaxşısı heç vaxt olmayacaq. 

“Hansı nömrəni geyinmək önəmli deyil”

- Hansı nömrəni geymək önəmli deyil. Əsas “Barselona”nın formasını daşımaqdır. Hansı nömrəni geyəcəyimi komanda yoldaşlarımla söhbət etdikdən sonra deyəcəyəm.


Xəbər xətti