"Qarabağ" kimi rəqiblə ilk görüşdə 0:0 bərabərə qalmaq əla nəticədir"

12:45 22 İyul 2015

"Bakıda heç-heçə etməklə çoxlarını təəccübləndirdik. "Qarabağ" kimi rəqiblə ilk görüşdə 0:0 bərabərə qalmaq əla nəticədir. Heç-heçəyə baxmayaraq, "Qarabağ" yenə cütün favoritidir".

Sportarena.az xəbər verir ki,bu sözləri "Rudar"ın baş məşqçisi Mirko Mariç Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la cavab oyunöncəsi keçiriləcək mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının ilk oyundan sonra eyforiyaya qapılmamalı olduğunu bildirib: "İlk oyunda hesab açılmadığından bu görüşdə qol vurmalıyıq. "Qarabağ"ın ardıcıl ikinci görüşdə də qol vurmayacağını gözləmək çətindir. Biz oyun sistemimizi dəyişməyəcəyik. Ancaq rəqib qapısı ağzında daha cəsarətli və dəqiq oynamalıyıq. Öz qapımızda təhlükə yaranmaması üçün topu rəqibə verməməyə çalışacağıq. 

Azərbaycan çempionuna qarşı ağıllı və səbirli oynamalıyıq. Erkən qol buraxsaq, işimiz çətinləşəcək. Çünki bundan sonra açıq futbol oynamağa məcbur olacağıq. Üzərimizdə hər hansı təzyiq yoxdur. Üzərində təzyiq olacaq yeganə komanda "Qarabağ"dır. Bununla belə, biz də eyforiyaya qapılmamalıyıq".

Qeyd edək ki, bu gün keçiriləcək "Rudar" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda hesab açılmayıb.


Digər xəbərlər

Xəbər xətti