“Qarabağ”ın uğuru Azərbaycanın uğurudu" - Tahir Gözəl

15:23 23 İyul 2015

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib. O komandasının Çempionlar Liqasında üçüncü mərhələyə yüksəlməsi ilə bağlı fikirlərini açıqlayıb.

 

- “Qarabağ” klubu Azərbaycan üçün önəmli funksiya daşıyır.İşğal olunmuş torpaqları heç vaxt unutmuruq. Təbii ki, torpaqlarımızın işğaldan azad olacağına inanımımız böyükdür. Dövlətimizin həm hərbi, həm də iqtisadi gücü buna imkan verir. Biz buna inanırıq və əminik. Hazırda “Qarabağ” bir milyon məcburi köçkünün ümididir. Ağdamın işğal günü ərəfəsində “Qarabağ”ın Çempionlar Liqasında qələbə qazanması, mərhələ adlaması məcburi köçkünlərin qəlbində belə üzücü gündə təsəllidir, ümid işığıdır. Sevinirik ki, “Qarabağ” FK belə bir məqamda qələbə qazanaraq xalqımızı sevindirə bildi.

-  “Rudar”la oyunla bağlı təəssüratlarınız necədir?

-  Təbii ki, komandamın oyununu həyəcanla izlədim. Hələ Bakıdakı ilk oyundan sonra rəqib müdafiə olunduğunu və Monteneqroda “Qarabağ”ımızın növbəti mərhələyə çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız bütün matç boyu hücumda oynadı, nəticə qazanmaq üçün əlindən gələni etdi. Komandamızın məzmunlu oyununu Reynaldo vurduğu gözəl qolla tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirərək nə qədər önəmli oyunçu olduğunu göstərdi. Komandam növbəti mərhələyə yüksəlməyi haqq etdi.

- “Qarabağ”ın növbəti rəqibi dünyaca ünlü “Seltik” klubudur.

- Bəli, “Seltik” dünyanın ən tanınmış komandalarından biridir. Bu klubun tarixinə nəzər saldıqda necə böyük komanda olduğunu görürük. Son illərdə ölkəsinin dəyişməz çempionudu. Məlum olduğu kimi ilk oyun Böyük Britaniyada – Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qədər çətin prosesdi. Krallığın ölkəmizdəki səfirinə göstərdiyi həssas münasibətə görə öz təşəkkürümü bildirirəm. Qısa zamanda viza alınması üçün köməyini əsirgəmədi. “Qarabağ” FK daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi komandama inanıram. “Qarabağ” “Seltik”ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. “Qarabağ”ın uğuru Azərbaycanın uğurudu.  “Seltik”lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. “Qarabağ” hər zaman öz əzəmətini qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam.


Xəbər xətti