"Qarabağ" bilet satışını dayandırdı

10:09 3 Avqust 2015

Çempionlar Liqası III təsnifat mərhələsi cavab matçında "Seltik"lə qarşılaşacaq "Qarabağ" klubu bəyanat yayıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir, bəyanatda satışa çıxarılmış biletlərin qanunsuz alverinin qarşısının alınması üçün azarkeşlərə müraciət olunub.

 

Bəyanatda deyilir: "Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" – "Seltik" qarşılaşmasının biletləri bu gün satışa çıxıb. Qarşılaşmaya olan hədsiz maraq kassalar önündə toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, qarşılaşmaya olan kütləvi maraqdan istifadə edən bəzi "işbazlar" qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar.

 

Məhz bu səbəbdən "Qarabağ" Futbol Klubu tərəfindən kassalar bağlanmış, hüquq mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb. Bu gün səhərdən etibarən satış yenidən bərpa olunacaq.

 

"Qarabağ" klubunun rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız".


Xəbər xətti