Güləşçilərimizdən Avropa çempionatına uğurlu start

10:22 5 Avqust 2015

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Sportarena.az xəbər verir ki, yarışın proqramına əsasən, çempionatın ilk günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.

 

İlk yarış gününü güləşçilərimiz 1 qızıl və 3 bürünc medalla başa vurub. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

 

42 kq-da təmsilçimiz Əsgər Məmmədəliyev mübarizəyə Latviya və Ermənistan güləşçiləri üzərində qələbə ilə başlayıb. Yarımfinalda Türkiyə təmsilçinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Polşa güləşçisinə heç bir şans verməyən Əsgər vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionatının bürünc medalına sahib olub.

 

50 kq çəkidə mübarizə aparan İslam Bazarqanov bütün rəqiblərinə böyük hesabla qalib gələrək finala yüksəlib. Final yolunda Yunanıstan, Fransa və Türkiyə təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz həlledici görüşdə Moldova idmançısı ilə qarşılaşıb. Vaxtından əvvəl tam üstünlüklə qələbə əldə edən İslam Bazarqanov Avropa çempionatının qızıl medalını qazanıb.

 

58 kq-da çıxış edən təmsilçimiz Geriya Qadisa Estoniya və Rumıniya güləşçilərinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Gürcüstan idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşüb. Polşa təmsilçisinə də heç bir şans verməyən idmançımız Avropa çempionatının bürünc medalına sahib olub.

 

69 kq-da mübarizə aparan İsmayıl Abdullayev ilk görüşdə Belarus idmançısına qalib gəlsə də, Gürcüstanlı rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Bu şansı müsbət dəyərləndirən İsmayıl Türkiyə və Yunanıstandan olan rəqiblərini üstələyib. Bürünc medal uğrunda son görüşdə onun rəqibi Bolqarıstan idmançısı olub. Görüşü öz xeyrinə tamamlayan İsmayıl Abdullayev Avropa çempionatının bürünc medalına yiyələnib.


Digər xəbərlər

Xəbər xətti